Xəbər verdiyimiz kimi, İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri Filip Stalder Lənkəranda səfərdə olub. SİA-nın məlumatına görə, səfər çərçivəsində isveçrəli səfir martın 1-də "Yaşıl çay" Fermer Təsərrüfatı MMC-yə də baş çəkib. Xarici diplomatı çay plantasiyasında müəssisənin rəhbəri Araz Yağubov və başqaları qarşılayıb. Araz Yağubov hörmətli qonağı salamlayaraq təsərrüfat barədə ətraflı məlumat verib. Baş tutan söhbət zamanı Araz Yağubov bildirib ki, sovetlər dönəmində İstisu qəsəbəsində böyük çay təsərrüfatı mövcud olub. Lakin durğunluq illərində həmin plantasiyalar sıradan çıxıb. Hazırda ölkə rəhbərliyinin böyük diqqət ayırdığı aqrar sahə, o cümlədən çayçılıq yenidən inkişaf dövrünü yaşayır.
Çay süfrəsi arxasında davam edən söhbət zamanı Araz Yağubov bildirib ki, 2006-cı ildə yaratdığı "Yaşıl çay" fermer təsərrüfatı çoxprofillidir. Burada heyvandarlıq, çayçılıq, taxılçılıq, bu ildən isə 10 mindən çox tut tingi əkilməklə növbəti illərdə baramaçılığın inkişaf etdiriləcəyini söyləyib. Təsərrüfatın özəyini çayçılıq təşkil edir. 2011-ci ildən başlayaraq yüksək məhsuldarlığı və keyfiyyəti ilə seçilən "Kolxida" sortundan ibarət çay plantasiyaları salınıb. Hazırda 61 hektarda çay plantasiyası mövcuddur. Təsərrrüfatda 2015-ci ildən başlayaraq seçmə üsulu ilə çay yarpağı yığımına başlanıb. Ötən il 42 ha məhsul verən sahələrdən 90 ton yaşıl çay yarpağı yığılıb. Təsərrüfat başçısı "Kolxida" sortunun "Hind-Çin" sortundan həm məhsuldarlığı, həm də yarpaqlarında tanin maddəsinin çox olması ilə fərqləndiyini xüsusi qeyd edib. O, plantasiyalara qulluq zamanı kimyəvi vasitələdən istifadə edilmədiyini, mineral gübrələr əvəzinə təsərrüfatın heyvandarlıq fermasında yaranan üzvi gübrələrdən istifadə edildiyini, bu səbəbdən də burada yetişdirilən çay yarpağının ekoloji cəhətdən təmiz olduğunu, həmçinin ildə 25 min manata qənaət etdiklərini bildirib. A. Yağubov bu il çay emalında daha iki layihəni həyata keçirmək niyyətində olduğunu, bu məqsədlə bir sıra tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Bu sırada Çin Xalq Respublikasında olarkən tanış olduğu tibet üsulu ilə çay emalını tətbiq etməklə Azərbaycanda bir ilkə imza atmaq istədiyini bildirib. Söhbət zamanı səfirin sullarını cavablandıran Araz Yağubov ölkəmizdə aqrar sahənin inkişafı üçün hər cür şəraitin yaradıldığını bildirib. Diqqətə çatdırıb ki, dövlətimiz torpaq sahiblərini torpaq vergisindən savayı, bütün vergilərdən azad edib. Yaxın günlərdə ASAN xidmətinin nəzdində yaradılan ABAD mərkəzi tərəfindən təsərrüfata ət və süd emalı konteynerlərinin veriləcəyini bildirən təsərrüfat başçısı bununla da fəaliyyətlərinin daha da genişlənəcəyini diqqətə çatdırıb.
Səfir Filip Stalder ona göstərilən diqqətdən məmnun qaldığını, burada plantasiyalara qulluğun yüksək səviyyədə olması ilə diqqəti cəlb etdiyini bildirib. Əlavə edib ki, burada istehsal edilən ekoloji təbii məhsulun xarici bazarlara, xüsusən də Avropa bazarlarına çıxarılması üçün hər cür şərait var. Səfir həmçinin İsveçrədə fəaliyyət göstərən investisya təşkilatları ilə təsərrüfat arasında əlaqə qurmaqda yardım edəcəyinə söz verib.
Axırda qonaqlara "Yaşıl çay" FT MMC-nin istehsalı olan çay məhsulları və "Yaşıl çay" jurnalı təqdim olunub.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB