Psixoloq: “Gənclərdə özgüvən yaratmaq ilk olaraq valideynin məsuliyyətidir” AÇIQLAMA

Psixoloq: “Gənclərdə özgüvən yaratmaq ilk olaraq valideynin məsuliyyətidir” AÇIQLAMA

"İmtahan öncəsi hər bir abituriyentdə stress və gərginlik qaçılmaz olur. Bəzi valideynlərin onların əvəzinə ixtisas seçimi etmələri, abituriyentin uğurlu nəticə əldə edə bilmədiyi hala əsəbləşmələri stressə təkan verən qüvvələrdəndir. Çünki həmin valideynlər övladlarının istəyini deyil, birbaşa öz daxillərində yığılıb qalan, zamanla həyata keçirmədikləri arzularını reallışdırmağa çalışırlar". Bunu SİA-ya açıqlamasında Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova deyib.

Onun sözlərinə görə, abituriyentlərin stressiz şəkildə uğurlu nəticələr əldə etmələri üçün gənclər peşələrini özləri sərbəst şəkildə, güclərinə, savadlarına uyğun seçməli, valideyn təzyiqi qəti şəkildə olmamalıdır: "Çünki belə olmadığı halda abituriyent imtahan zamanı şüuraltı olaraq sualları deyil, valideyninə verəcəyi cavabı daha çox düşündüyü üçün nəticə ürəkaçan olmayacaq. Ona görə gənclərdə motivasiyanı gücləndirmək və özgüvən yaratmaq ilk olaraq valideynin məsuliyyətidir. Onlar bunu bacarmadıqları halda psixoloqa müraciət etməlidirlər. Əks təqdirdə gənclər həyatları boyu frusturasiya yaşaya, gələcəkdə OKB və sayrışan nevrozluqdan əziyyət çəkə bilərlər".

Psixoloq qeyd edib ki, abituriyentlər imtahana bir həftə qalmış istirahət etməli, açıq havada gəzməli, insanlarla daha çox ünsiyyətdə olmalıdırlar: "Abituriyentlər düzgün qidalanmalı, xüsusilə onların sağlamlığına zərər verə bilən qidalardan uzaq durmalıdırlar. Əgər hansısa idman növü ilə məşğul olurlarsa, bir həftəlik ara verməlidirlər. Onlar özlərinə inam və əminliklə tələsmədən suallara diqqət etməlidirlər".

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə