Mikayıl Müşfiqin büstünün sökülməsinə görə məsuliyyət daşıyan şəxslər cəzalandırılıb

Mikayıl Müşfiqin büstünün sökülməsinə görə məsuliyyət daşıyan şəxslər cəzalandırılıb

Bakı şəhərinin Yasamal rayonu ərazisində İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində (Statistika dairəsi) aparılan yenidənqurma işləri zamanı 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin iş icraçısı "Azəravtoyol" ASC-nin rəhbərliyinə və çalışdığı MMC-nin direktoruna məlumat vermədən görkəmli şair Mikayıl Müşfiqin ərazidə yerləşən büstünü çıxarıb.

"Azəravtoyol" ASC-nin məlumatında deyilir ki, üzərinə düşən əmək funksiyasını lazımi qaydada yerinə yetirməyərək, kobud qanun pozuntusuna yol verdiyinə görə MMC-nin iş icraçısı Rəhimov Ramiz Tapdıq oğlu tutduğu vəzifədən azad edilib.

Həmçinin müəyyən edilib ki, 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin baş mühəndisi və direktoru layihədə nəzərdə tutulan işlərə nəzarəti lazımi qaydada həyata keçirməyiblər. Buna görə də MMC-nin direktoru Şirinov Əliheybət Balakişi oğluna xəbərdarlıq edilib, baş mühəndis Hüseynov Yuris Xələf oğluna isə töhmət verilib.

"Azəravtoyol" ASC görkəmli şair Mikayıl Müşfiqin büstünün çıxarılması ilə bağlı ictimaiyyətə və KİV-ə vaxtında məlumat verilməməsi nəticəsində yaranan haqlı narahatlığa görə üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə