Azərbaycan səfiri Gürcüstanın daxili işlər naziri ilə görüşüb

Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Dursun Həsənov fevralın 28-də bu ölkənin daxili işlər naziri Giorgi Mqebrişvili ilə görüşüb. D.Həsənov ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin mövcud olduğunu, Azərbaycanın və Gürcüstanın iştirakı ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələrin əhəmiyyətini xüsusi qeyd edib. O, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində imzalanan "Əsrin müqaviləsi"nin, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələrin regionun inkişafına təkan verdiyini bildirib. Diplomat xalqlarımız arasında mehriban qonşuluq əlaqələrinin olduğunu xüsusi qeyd edib.

G.Mqebrişvili deyib ki, Azərbaycan ilə Gürcüstan dövlətləri arasında əsrlər boyu dostluq və qardaşlıq əlaqələri olub. Bu münasibətlər bizə bütün sahələrdə əlaqələrimizin inkişafı üçün möhkəm baza yaradıb. Daxili işlər orqanları arasında da əməkdaşlıq əlaqələrinin inkişafı ölkələrimizin daim sülh şəraitində yaşaması, xalqlarımızın rifah halının yaxşılaşması, eləcə də regionda təhlükəsizliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir.

Nazir, Gürcüstanın ölkələrimiz arasındakı yüksək səviyyəli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib, bunun üçün qarşılıqlı səfərlərin, qurumlar arasında təcrübə və məlumat mübadiləsinin aparılmasının vacibliyini bildirib.

Sonda G.Mqebrişvili Gürcüstanın daim qardaş Azərbaycanın yanında olacağını və hər zaman dəstəkləməyə hazır olduğunu vurğulayıb. (AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...