Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərs keçirilib. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən xəbərə görə, dərs AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbovun "Naxçıvan Muxtar Respublikasının faunası" mövzusunda apardığı dərsdə regionun təbiəti, heyvanlar aləmi, həmçinin ərazidəki onurğalı və onurğasız heyvan növləri barədə şagirdlərə ətraflı məlumat verilib. Akademik Naxçıvan Muxtar Respublikasının zəngin bitki örtüyü, heyvanlar aləmi və təbii sərvətlərə malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, muxtar respublikada onurğasız heyvanlar faunası 18 tip, 45 sinif, 126 dəstə, 607 fəsilə, 2030 cins, 4598 növdən, onurğalı heyvanlar faunası isə Xordalılar tipinə 6 sinif, 35 dəstə, 96 fəsilə, 252 cins və 404 növdən ibarətdir.
Açıq dərdə səhra və xınalı kəkliyi, leşyeyən qartal, ilancıl və dünyada ən kiçik quşlardan sayılan Kalibri quşu, o cümlədən uçan yarasa, ən mükəmməl məməli heyvanlardan biri olan canavarlar barəsində şagirdlərə məlumat verilib. Həmçinin muxtar respublikada Bəbir ailəsinin yaşadığı diqqətə çatdırılıb və məlumat verilib ki, ötən il AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində yeni Bəbir ailəsi aşkar edilib. Şagirdlər videoslayt vastəsilə Bioresurslar İnstitutunun əməkdaşları tərəfindən dağlıq ərazilərdə quraşdırılan fototələlərin çəkdiyi bəbir, çöl pişiyi, bezuar keçisinin, dağ qoçlarının, cüyürün, oxlu kirpinin şəkilləri ilə tanış olublar.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 avqust 2006-cı il tarixi Sərəncamına əsasən, ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair iki cilddən ibarət "Qırmızı kitab"lar
hazırlanıb nəşr edilib. Bioresurslar İnstitutunun əməkdaşları tətəfindən Naxçıvan Muxtar Respublikasının Onurğasızlar faunasının taksonomik spektri monoqrafiyası nəşr olunub. Qeyd olunub ki, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun yaradılmasında da əsas məqsəd doğma diyarımızın təbii sərvətlərinin özünəməxsus xüsusiyyətlərinin öyrənilməsi, faydalı bitkilərin introduksiyası və onlar üzərində geniş miqyasda elmi-tədqiqat işlərinin aparılmasından ibarətdir. Regionumuzda yayılmış qiymətli meyvə sortlarının genefondunun toplanılması, nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin qorunması, öyrənilməsi və mühafizə yollarının araşdırılması Bioresurslar İnstitutunun qarşısında duran mühüm vəzifələrdən biridir.
Açıq dərs muxtar respublikanın 218 ümumtəhsil məktəbində izlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB