Yaşlarına uyğun olmayan məlumatlar uşaqların psixologiyasına mənfi təsir edir PSİXOLOQ RƏYİ

Yaşlarına uyğun olmayan məlumatlar uşaqların psixologiyasına mənfi təsir edir PSİXOLOQ RƏYİ

"Bəzən valideynlər uşaqlarının internetdən istifadəsinə, kompüterdə oynadığı oyunlara, baxdığı televiziya verilişlərinə nəzarət etmirlər. Bir çox məlumatlar, verilişlər, oyun disklərinin üzərində isə yaş həddini bildirən işarələnmə olmur. Bu, uşaqların yaşlarına uyğun olmayan informasiyaları almaları ilə nəticələnir ki, belə hallar onların psixologiyasına mənfi təsir göstərir". Bunu SİA-ya açıqlamasında psixoloq Gülnarə Muxtarova deyib.

Onun sözlərinə görə, ölkəmizdə "Uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında" qanun layihəsinin hazırlanması bu istiqamətdə hüquqi məsuliyyət yaradacaq: "Bir çox ölkələrdə internetdə yayımlanan məlumatlarda, televiziyalardakı proqramlarda və oyun disklərində mütləq şəkildə yaş kateqoriyasına uyğun işarələnmənin olması qanunla təmzimlənir. Azərbaycanda da belə qanun layihəsinin hazırlanması sağlam gənc nəslin yetişdirilməsi üçün önəmli addımdır. Uşaqlarda yetkinlik dövründə daha çox informasiya almaq üçün böyük maraq olur. Onlar hər sahəni bilmək, öyrənmək istəyirlər. Əlbəttə, bu pis deyil. Amma elə sahələr var ki, hələ tam olaraq düşüncəsi, dünya görüşü formalaşmamış uşalarda yanlış fikirlər yarada , onların psixologiyası, sağlam ruhda böyüməsinə mənfi təsir edə bilər. Qanunvericiliklə internet məlumatları, oyun diskləri, televiziya verilişlərinin üzrərində müvafiq yaş kateqoriyası haqqında işarələnməyə nəzərət olunsa da, valideynlər də uşaqlarına nəzarəti yaddan çıxartmamalıdırlar. Çünki uşaqların sosial şəbəkələrdə hansı informasiya ilə qarşılaşacağını bilmək olmaz".

Psixoloq bildirib ki, bir çox hallarda uşaqlar kompüterdə elə oyunlar oynayırlar ki, həmin oyunlar onlarda ətrafdakılara qarşı aqressiya yaradır: "Bəzən öz yaşlarına uyğun olmayan oyunlar, kinolar, proqramlar, məlumatlar uşaqların psixologiyasına elə təsir edir ki, onlar özlərini sərbəst şəkildə düzgün apara bilmirlər. Belə uşaqlarda aqressiya, evdən qaçma, kinodakı qəhrəmanın rolunu mənsimsəmə və s. kimi hallar ola bilir. Uşaqlar təlqinə yetkinlərə nisbətən daha tez qapılırlar. Ona görə də belə informasiyalar onlara daha tez təsir edir. Valideynlər yalnız uşaqların maddi ehtiyacını deyil, onun maraqları, yoldaşları, mənəviyyatının formalaşmasını da ciddi düşünməlidirlər".

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi informasiya məhsullarında - internetdə yayımlanan məlumatlarda, televiziyalardakı proqramlarda və oyun disklərində mütləq şəkildə yaş kateqoriyasına uyğun işarələnmənin aparılmasını və buna əməl etməyənlərin cəzalanmasını təklif edən qanun layihəsi hazırlayıb.

Komitə tərəfindən hazırlanmış "Uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında" qanun layihəsinin məqsədi uşaqların intretnetdə qarşılaşacağı zərərli infomasiyalardan qorunmasıdır. Hazırda layihəyə hökumət tərəfindən baxılır. Qanun layihəsinin tezliklə Milli Məclisə təqdim edilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə