Düşmənə layiqli cavab verilir

Son günlər Ermənistan kəşfiyyat-diversiya qrupu bütün cəbhə boyu təxribatlara cəhd göstərir. Müdafiə Nazirliyinin rəsmi məlumatlarına görə, düşmənin təxribatlarının qarşısı Azərbaycanın Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınır və düşmən itki verərək geri çəkilir. Söhbət etdiyimiz müsahiblərimiz cəbhədəki son durumu şərh edərkən, Ermənistanın hərbi qarşıdurmanı gərginləşdirməyə cəhd etdiyini, ancaq ordumuz tərəfindən onlara layiqli cavab verildiyini bildiriblər.

Politoloq Rüstəm Məmmədov:

- İşğalçı ölkə olan Ermənistan çalışır ki, hərbi qarşıdurma güclənsin. Azərbaycan Ordusu düşmənə layiqli cavab verir. Demək olar ki, cəbhədə gərginliyin olması Ermənistanda keçiriləcək seçkilərlə bağlıdır. Yəni bu, daxili aditoriyaya hesablanıb. Çünki Ermənistan hakimiyyəti seçkilərdə müxalifətə uduza da bilər. Bu baxımdan, cəbhədə gərginlik yaratmaqla gözlənilən uğursuzluğu aradan qaldırmağa ümid bəsləyir. Təxribatlara baxmayaraq güclü, qüdrətli Azərbaycan Ordusu Ermənistanı məğlub etməyə qadirdir. Bunu, aprel zəfəri zamanı olduğu kimi, bu gün də sübut etməkdədir.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov:

- Ermənistanın məqsədi bu gün dünya ictimaiyyətinin fikirlərini Ermənistanda gedən xaos və anarxiyadan yayındırmaqdır. Cinayətkar bir rejim artıq xalq tərəfindən qəbul edilmir. Çoxdandır ki, Sarkisyan rejiminə qarşı Ermənistanda mitinqlər davam edir. Demək olar ki, Sarkisyan öz hakimiyyətini hərb gücü ilə saxlayır. Məlumdur ki, işğalçı ölkə olan Ermənistanda hər dəfə seçilər keçiriləndə, qan axıdılır. İndi də Ermənistanda növbəti seçkilər gəlir deyə bütün fikri Dağlıq Qarabağa yönəltmək və ölkə əhalisi arasında qorxu yaratmaq, müharibə adı altında hər hansı bir seçkini ölkədə təxirə salmaqdır. Bu baxımdan, demək olar ki, bu, cinayətkar Sarkisyan rejimi üçün heç də yaxşı qurtarmayacaq. Onların Azərbaycana qarşı törətdikləri təxribatların qarşısı Azərbaycan Ordusu tərəfindən çox qətiyyətlə alınıb və onlara layiqli cavablar verilib.

"Kaspi" qəzetini baş redaktoru İlham Quliyev:

- Son günlər cəbhə bölgəsindən bizi narahat edən xəbərlər gəlir. Müdafiə Nazirliyini məlumatına görə, Ermənistan tərəfi yenə də atəşkəsin tələblərini pozub. Məlum olduğu kimi, aprel ayında Ermənistanda seçkilər keçiriləcək. Ermənistanın indiki cinayətkar rejimi çox çətin durumdadır. Demək olar ki, öz ölkəsinin daxilində də bu rejimə heç bir etimad yoxdur. Bu seçkilərdə qalib gəlmək üçün ən müxtəlif təxribat xarakterli metodlardan istifadə edilər. Onlardan biri də cəbhə xəttində gərginlik yaradılması və bununla da, daxili aditoriyanın diqqətini cəbhədə baş verənlərə yönəlməkdir. Ermənistan hakimiyyəti nəyinki, dünya ictimaiyyətini, heç öz seçicilərini də aldada bilməz. Çünki Ermənistan ictimaiyyəti qaniçən Sarkisyanın məkrli niyyətini anlayır və ondan qurtulmağa çalışır.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə