Xəbər agentliklərinin birində "Polis Qusarda 50 palıd ağacı kəsən şəxsləri tutdu-aralarında meşəbəyi də var" başlıqlı yazıda göstərilənlər, bir mətbuat işçisi olaraq bizə də maraqlı gəldi və tərəfimizdən bununla bağlı araşdırma aparıldı.
Qeyd edək ki, həmin yazıda göstərilir ki, Qusar Polis Şöbəsinin Şahdağ Polis Bölməsinin əməkdaşları əməliyyat tədbirləri nəticəsində yük avtomobilində oduncaq aşkar edib və maddi sübut kimi götürüb. Lakin Qusar rayonunun məlumatda qeyd edilən Əniğ kəndi yaxınlığında yerləşən meşə sahəsində müxbirimizin də iştirakı ilə keçirilən araşdırma nəticəsində məlum oldu ki, əslində sözügedən meşə dolayında hazırda qanunsuz qırıntı faktı mövcud deyil və ərazidə müşahidə edilən kötüklər əvvəlki dövrlərdə kəsilmiş ağaclardır. Bununla bağlı müəssisənin direktoru və bir neçə cavabdeh şəxs bir müddət əvvəl vəzifələrindən azad edilib.
Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin həmin məlumatda adı çəkilən meşə gözətçisi Cabir Zərbəliyevin sözlərinə görə 23 fevral 2017-ci il tarixində o Şahdağ Polis bölməsinə çağırılıb. Ona qarşı polisin həyətində dayandırılmış istismara yararsız UAZ maşınında toplanan quru palıd odunlarını Qusar rayonu Çağar kəndində yaşayan Qurban Vaqif oğlu Ərzimanova satması barədə ittiham irəli sürülüb. Cabir Zərbəliyev isə deyib ki, bu maşın necə meşəyə girib-çıxa bilər? Aylardır polis şöbəsinin həyətində qaldırıcı qurğunun üstündə dayandığını, təkərlərinin buraxdığını adi gözlə görmək mümkündür. Bununla belə, polis əməkdaşları odunun satılması barədə ondan izahat verməsini tələb ediblər.
Polis əməkdaşı meşə torpağını zəbt edibmiş?
Araşdırma zamanı məsələnin təfsilatı üzə çıxıb. Cabir Zərbəliyev onu da deyir ki, 2016-cı ilin yay aylarında rayon sakinləri meşə fondu torpağını zəbt edərək, orada fərdi yaşayış evləri tikmək istəyib. Müəssisənin əməkdaşlarının dərhal müdaxiləsindən sonra işlər dayandırılıb və bu barədə müvafiq sənədləşmə işləri aparılıb, eyni zamanda sözügedən qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün tərtib olunmuş sənədlər hüquq mühafizə orqanlarına göndərilib. Sonradan məlum olub ki, həmin ev tikmək istəyən sakinlərin arasında bir nəfər polis əməkdaşı olub. Bundan sonra bəzi polis əməkdaşları bunun əvəzini çıxmaq üçün Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin işlərinə, meşələrin mühafizəsinə müdaxilələr etməyə cəhdlər göstərib. Müəssisə tərəfindən qanunamüvafiq qaydada buraxılmış (tör-töküntüdən və köküstə qurumuş ağaclardan tədarük olunmuş) oduncaqların sənədlərinin, hətta saxta olması barədə, bir heçə dəfə polis əməkdaşları tərəfindən ittihamlar irəli sürülüb və bu hal Qusar MMBM-nin əməkdaşlarının sözlərinə görə, bu günə qədər davam edir.
Aparılan araşdırmaların nəticələri onu da deməyə əsas verir ki, mətbuatda gedən həmin yazı da bununla bağlıdır. Araşdırma zamanı o da məlum oldu ki, Şahdağ Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan UAZ markalı maşının yük yerindəki oduncağın təzə olmadığı müəyyən edildikdən sonra buraxılıb.
Ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məlumatı oxuyacaq və bununla bağlı Nazirliyin aidiyyəti qurumları öz səlahiyyətləri çərçivəsində araşdırma aparacaq.
E.Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB