Millət vəkili: “Serj Sarkisyan kimilər cəzasız qalmamalıdır” AÇIQLAMA
"Erməni vandallarının Xocalıda törətdikləri vəhşilikləri dünyanın nüfuzlu media vasitələri işıqlandırıblar və bu proses bu gün də davam edir. İstər 1992-ci ilin fevralında, istərsə də hadisədən sonrakı günlərdə Xocalıya dünyanın müxtəlif ölkələrindən onlarla əcnəbi jurnalist gəlib. Onlar qanlı hadisələri gözləri ilə görüb dəhşətə gəlirdilər. Həmin günlərdə dünyanın məşhur qəzet və jurnallarında xarici jurnalistlərin Xocalı soyqırımı haqqında məlumatları dərc olunurdu. Bu müdhiş günlərdə xarici KİV-lərdə yer alan informasiyalar bəşər tarixinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımı dəhşətlərini tam dolğunluğu ilə əks etdirməsə də, hər halda, dünya ictimaiyyətində faciənin miqyası haqqında müəyyən təsəvvür yaratmaq baxımından əhəmiyyətli idi". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputat bildirib ki, bir çox ölkələr Xocalı soyqırımını tanısalar da, faciənin baş verdiyi və ondan sonrakı günlərdə xarici mətbuatda yüzlərlə bu kimi məlumatlar yayımlansa da, dünya dövlətləri bu dəhşətli hadisə haqqında məlumatlı olsalar da, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənləri bəzi dövlətlər indiyədək soyqırımı kimi tanımaqdan müxtəlif bəhanələrlə boyun qaçırırlar: "Beynəlxalq Haaqa Məhkəməsi ortaya qəti mövqe qoymur. Necə olur ki, Serbiyadakı generalların cəzalandırılması oldu, amma Xocalı soyqırımını törədənlər cəzasız qalırlar. 613 nəfəri vəhşicəsinə qətlə yetirən Serj Sarkisyan kimilər cəzasız qalmamalıdır. Azərbaycana qarşı ikili standartlarla işləyənlər bilməlidirlər ki, miqyasına və dəhşətlərinə görə Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş soyqırımıdır. Xatın, Liditsa, Oradur, Ruanda soyqırımıları kimi, Xocalı soyqırımı da insanlıq tarixinə yazılan qanlı faciədir. Bu faciənin soyqırımı olduğunu BMT-nin Soyqırımı Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyasının, Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Vətəndaş və Siyasi Hüquqlar barədə Beynəlxalq Sazişin, Fövqəladə Vəziyyətlərdə və Hərbi Münaqişələr Zamanı Qadınların və Uşaqların Müdafiəsi Bəyannaməsinin, Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsinin, Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Ümummilli Lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanının müddəaları təsdiq edir".
Millət vəkili bildirib ki, beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır: "BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə qəbul edilib və 1961-ci ildə qüvvəyə minən Soyqırımı cinayətinin qarşısının alınması və təqsirkarların cəzalandırılması haqqında Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunub. "Memorial" hüquq-müdafiə mərkəzi də təsdiq edir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasına, həmçinin, Ümumdünya İnsan Haqları Bəyannaməsinin maddələrinə kobud qaydada ziddir.
Aydındır ki, Xocalı sakinlərinə qarşı soyqırımı aktı Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsi olub. Dünya bu soyqırımına susmamalıdır. Hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevin bu yöndəki siyasətinə dəstək verməli, Mehriban xanım Əliyevanın və Leyla xanım Əliyevanın Qarabağ həqiqətlərinin dünyaya çatıdırılması işinə, "Xocalıya ədalət" kampaniyasına öz töhfəsini verməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB