“Sonsuz dəhliz” Vaşinqtonda FOTOLAR

“Sonsuz dəhliz” Vaşinqtonda FOTOLAR

ABŞ-ın paytaxtında Corc Vaşinqton Universitetinin Cek Morton kinozalında ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan, nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüş "Sonsuz dəhliz" ("Endless corridor") müstəqil sənədli filmin premyerası keçirilib. SİA-ya ölkəmizin ABŞ-dakı səfirliyindən verilən məlumata görə, 26 fevral 1992-ci il tarixində törədilmiş Xocalı qətliamının qurbanlarının xatirəsinə həsr olunan bu tədbirdə Vaşinqtonda akkreditə olunan diplomatik korpus, yerli ictimaiyyət nümayəndələri, tələbələr, eləcə də Vaşinqton və onun ətrafında yaşayan soydaşlarımız iştirak ediblər.

Səfir Elin Süleymanov çıxış edərək Ermənistanın Azərbaycana təcavüzü zamanı Xocalıda heç bir insaniyyət qaydalarına sığmayan qətliamın törədilməsindən və erməni işğalçılarının mülki əhaliyə etdiyi zülmlərdən danışıb. Bu faciənin xalqımızın yaddaşında buraxdığı izlərdən söz açıb. Diplomat bildirib ki, Xocalı qətliamı Ermənistanın Azərbaycana hərbi təcavüzü və bu təcavüz zamanı Ermənistanın həyata keçirdiyi amansız etnik təmizləmə siyasəti kontekstində törədilib. Bu əməllər öz hüquqi və siyasi qiymətini almalıdır. Bu xüsusda, səfir E. Süleymanov Xocalı əməllərinə görə ədalətin təmin olunmasının və onun dünya miqyasında daha geniş tanınmasının regionda sülhün bərqərar olunmasına töhfə verəcəyini bildirib.

Daha sonra filmin icraçı prodüseri, nüfuzlu "Grammy Award" mükafatçısı ABŞ-ın sabiq prezidenti Cimmi Karter administrasiyasında ictimaiyyətlə əlaqələr üzrə direktor vəzifəsində çalışmış Cerald Rafşun (ABŞ) Xocalı faciəsi barədə fikirlərini bölüşüb. O, filmin tarixçəsi barədə danışıb və bildirib ki, film çəkilişləri zamanı Xocalıda baş verənlər barədə tanış olduqdan sonra orada kütləvi şəkildə insan hüquqlarının kobud pozulmasını dərk edib. Eyni zamanda, prodüser Rafşun Xocalı qətliamı barədə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bu filmin əhəmiyyəti barədə danışıb.

Qeyd edək ki, sözügedən filmin nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib və hər il dünyanın müxtəlif yerlərində təbliğat-təşviqat tədbirlərini keçirən "Xocalıya ədalət" kampaniyası çərçivəsində və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib.

Tanınmış prodüser Aleksandras Brokas və Cerald Rafşun tərəfindən çəkilmiş bu film Xocalı dəhşətlərinin şahidi olan iki xarici jurnalistin faciədən 20 il sonra yenidən Azərbaycana səfər edərək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşməsi və onların bölüşdüyü xatirələr, eləcə də Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibələri əsasında qurulub.

Tədbirin sonunda tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə