Bakı Ali Neft Məktəbinin (BANM) "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Rəhim Rəhimli və Məmməd Cəbrayılov cari ilin yaz semestrı ərzində Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində (PUAS) təhsil alacaqlar. BANM-dan SİA-ya verilən məlumata görə, səfər ərəfəsində BANM-ın rektoru Elmar Qasımov sözügedən tələbələr və onların valideynləri ilə görüşüb.
Rektor Rəhim Rəhimliyə və Məmməd Cəbrayılovamüvəffəqiyyət arzulayaraq onlara bilik, bacarıq və nailiyyətlərinin davamlı olmasını arzuladı. O, bildirib ki, Ali Məktəb hər bir tələbəsinə həm təhsildə, həm həyatda, həm də gələcək karyerasında yeni uğurlar əldə etməyə hər zaman dəstək olur. Elmar Qasımov Azərbaycanın intellektual gəncliyinin məhz BANM-da təhsil almağa üstünlük verməsinin çox qürurverici və Ali Məktəb üçün mühüm hadisə olduğunu vurğulayıb. O, BANM-ın beynəlxalq əməkdaşlığının genişləndirilməsi məqsədi ilə bir sıra beynəlxalq layihə və proqramlara qoşulduğunu nəzərə çatdırdı. Erasmus + proqramı çərçivəsində 2016-cı ildə BANM ilə PUAS arasında əməkdaşlıq haqqında müqavilə imzalandığını diqqətə çatdırdı. Rektor bildirib ki, gələcəkdə əlaqələrin daha da genişləndirilməsi və tələbələrin sayının artırılması nəzərdə tutulur."Əminəm ki, Yunanıstanda bizim tələbələrimiz ölkəmizi ləyaqətlə təmsil edəcəklər" – deyə rektor qeyd edib.
Rəhim Rəhimli və Məmməd Cəbrayılov rektor Elmar Qasımova Ali Məktəbin tələbələr üçün yaratdığı imkanlara və şəraitə görə təşəkkür etdilər.
Rəhim Rəhimlinin və Məmməd Cəbrayılovun valideyinleri böyük sevinc hissi keçirdiklərini və övladları ilə qürur duyduqlarını dedilər. Azərbaycanda yüksək ixtisaslı mütəxəssis kadrların yetişdirilməsi üçün BANM-da hər cür şəraitin, tələbələr üçün bütün imkanların yaradıldığından söz açan valideynlər Ali Məktəbin rəhbərliyinə minnətdarlıq ifadə ediblər.
Qeyd edək ki, hər iki tələbə fevralın 26-da Yunanıstana yola düşəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB