İctimai elmlər üzrə tədqiqatların vəziyyəti

İctimai elmlər üzrə tədqiqatların vəziyyəti

Fevralın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova "İctimai elmlər üzrə elmi tədqiqatların vəziyyəti və gələcək inkişaf istiqamət­ləri" mövzusunda məruzə ilə çıxış edib. AMEA-dan SİA-ya verilən xəbərə görə, Nərgiz Axundova bildirib ki, bölmənin elmi tədqiqat müəssisələrində Azərbaycanın tarixi və iqtisadiyyatı, hü­quq elmi, respublikamızda, eləcə də Yaxın və Orta Şərq ölkələrində baş verən ictimai, siyasi, sosial-iqtisadi və mədəni proseslər, milli münasibətlər və digər isti­qa­mət­­lərdə tədqiqat işləri apa­rılıb, mühüm elmi nailiyyətlər əldə edilib. Hazırda cəmiyyətdə elmi baxışların müasir mərhələyə qədəm qoyduğunu deyən Nərgiz Axundova ictimai həyatın öyrənilməsinin yeni modelləri əsasında sosiologiya, şərqşünaslıq, politologiya, tarix, iqtisadiyyat və digər sahələrlə bağlı fənlərarası tədqiqatların genişlənməsinin vacibliyini vurğulayıb.

Bölmənin akademik-katibi ötən il əldə olunmuş nailiyyətləri iclas iştirakçılarının diqqətinə çatdırıb: "Bölməyə daxil olan müəssisələrdə 32 problemi əhatə edən 118 mövzuda 274 mərhələdə 240 iş üzrə tədqiqatlar aparılıb. Bunlardan 78 mövzuda 235 mərhələdə 190 iş tamamlan­ıb. Bölmə üzrə 16 mühüm nəticə əldə edilib".

Nərgiz Axundova hesabat ilində fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsinin davam etdirildiyini, ali məktəblərin tələbə və müəllim kollektivinin elmi müəssisələrdə təcrübə kursları keçdiyini diqqətə çatdırıb. Beynəlxalq əlaqələr və faundreyzinq fəaliyyəti haqqında məlumat verən N.Axundova 2016-cı ildə institutların bir sıra xarici elmi-tədqiqat müəssisələri, universitet, muzey və digər qurumlarla əməkdaşlıq müqavi­lə­ləri imzalandığını, bölmə üzrə altı qrant layihəsinin həyata keçirildiyini bildirib.

Elektron elmin vəziyyətindən danışan N.Axundova ötən il İEB-nin saytının (ieb.science.gov.az) fəaliyyətə başladığını, bölmədə, eləcə də elmi müəssisə­lərdə görülmüş iş­lər, keçirilən tədbirlər, əlamətdar ha­di­sə­lər haq­qında mə­lumat­ların saytda mütəmadi olaraq yerləşdirildiyini vurğulayıb.

Nərgiz Axundova bölmənin nəşriyyatçılıq fəaliyyətinə və kadr hazırlığına da toxunub: "2016-cı ildə bölmə üzvləri tərəfindən 12-si xaricdə olmaqla 27 kitab, 25-i xaricdə olmaqla 121 məqalə çap olunub. Bu əsərlərin bir qismi əcnəbi dillərdə nəşr edilib. Bölməyə daxil olan elmi müəssisələrin əməkdaşlarının impakt faktorlu jurnallarda 37 məqaləsi işıq üzü görüb, 13-ü xaricdə olmaqla 127 kitab, 288-i xaricdə olmaqla 1283 məqalə, 27-si xaricdə olmaqla 194 tezis çap edilib. Elmi işçilərin əsərlərinə olan istinadların sayı 408-dir. Elmi tədqiqat müəssisələri tərəfin­dən 38 respublika, 12 beynəlxalq səviyyəli konfrans, yubiley tədbiri, elmi sessi­ya­ təşkil olunub. Hesabat ilində bölmədə magistratura üzrə yeddi nəfər təhsil alıb. Fəlsəfə doktorluğu üzrə 65, elmlər doktorluğu üzrə isə 6 dis­ser­tasiya işi müdafiə edilib".

Məruzə dinlənildikdən sonra müzakirə edilib, Rəyasət Heyətinin qərarı ilə hesabat qənaətbəxş hesab olunub. Bölmə institutlarının elmi fəaliyyətinin səmərəliliyini yüksəltmək məqsədilə mültidissiplinar proqram və layihələrin hazırlanması və birgə təd­bir­lərin ke­çi­rilməsi, perspektiv elmi istiqamətlərdə magistratura və doktorantura üzrə kadr hazırlığının aparılmasına dair tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə