Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Xocalı soyqırımının 25-ci il dönümünə həsr olunmuş anım tədbiri keçirilib. Qurumdan SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə İnstitutun direkroru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov açıb. O Fizika İnstitutunda hər il Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildiyini vurğulayıb. Bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edən N.Məmmədov bəşəriyyətin Xocalıda törədilən erməni vəhşiliyini unutmaması üçüb vacib olduğunu qeyd edib. N.Məmmədov bildirib ki, Xocalıda törədilən soyqırım Azərbaycan tarixinin ən dəhşətli səhifələrindəndir. Qeyd edib ki, ermənilər tarix boyu Azərbaycan torpaqlarına göz dikiblər. Lakin xalqımız həmişə öz torpağını qoruyub, milli azadlığını müdafiə edib.
Daha sonra tədbir İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinovun çıxışı ilə davam edib. O qeyd edib ki, bu il Xocalı soyqırımındam 25 il ötür. Ermənilər havadarlarının köməyi ilə bütün bəşəriyyətə qarşı qanlı cinayət törədiblər. Soyqırım zamanı 613 nəfər (63 uşaq, 106 qadın, 70 qoca) həlak olub. Xocalı sakinlərindən 487 nəfəri ağır yaralanıb, 1275 nəfər isə əsir düşüb. O, həmçinin, Xocalının Dağlıq Qarabağ hadisələrinin mərkəzində olmasından, şəhərin mühasirəsindən, əhalinin özünü müdafiəsindən söhbət açıb. Bildirib ki, Xocalının işğalı Azərbaycanın digər rayonlarının işğalının başlanğıcı oldu. Bu hadisələrdən sonra Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbul olunmasına baxmayaraq, bu qətnamələr hələ də yerinə yetirilmir.
Anım tədbiri İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru, Sitarə Bağırovanın çıxışı ilə davam edib. S.Bağırova çıxışında bildirib ki, Xocalı soyqırımı dünyada baş verən terror aktlarının ən dəhşətlisidir. Bu soyqırım iki gün müddətində Azərbaycan xalqına qarşı törədilmiş ən böyük qətiliamdır. Bildirib ki, 7 min əhalisi olan şəhər 4 aylıq blokadadan sonra işğal olunmuşdur. 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366 motoatıcı alayının zirehli texnikası ilə Xocalı şəhərinə hücum ediblər. Xocalı şahidləri həmin gün törədilən vəhşiliklərdən bəhs edərkən məlum olur ki, ermənilər dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan, patronlardan istifadə ediblər. Xocalı soyqırımı bir çox dünya ölkələri tərəfindən tanınsa da, təəssüflər olsun ki, ölkəmizə qarşı ikili standart tətbiq olunur. Bildirib ki, Xocalı şəhərində əsir düşən 1275 nəfərdən 150 nəfəri haqqında hələ də məlumat yoxdur. S.Bağırova tezliklə, Azərbaycan torpaqlarının azad olunacağına, şəhidlərin qanının yerdə qalmayacağına ümid etdiyini qeyd edib.
Xocalı soyqırımının canlı şahidi və Fizika İnstitunun gənc alimi Rəhim Ələkbərov da təbdirdə iştirak edib. O, Xocalı, orada törədilən erməni vəhşilikləri haqqında xatirələrini bölüşüb.
Fizika İnstitutunun əməkdaşı işçisi Lalə Əliyeva Xocalıda törədilən vəhşiliklərə etiraz səsini şeirlə ifadə edib.
Daha sonra Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova, fizika üzrə elmlər doktoru Səlimə Mehdiyeva və başqaları Xocalı şəhərində törədilən vəhşiliklər haqqında söhbət açıb.
Sonda Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB