Mehriban Abasquliyeva: "Mehriban Əliyevanın təyinatını hər bir azərbaycanlı ürəkdən alqışlayır" MÖVQE
"Biz çox sevinir və hədsiz qürur hissi keçiririk ki, dövlətimizin möhkəmliyi, müstəqilliyinin əbədiliyi və dönməzliyinin təmini kimi mühüm bir faktorda Prezident İlham Əliyevlə yanaşı, Mehriban xanım Əliyevanın da adı yanaşı çəkilir"
"Qadının cəmiyyət, dövlət həyatında iştirakının, onun ön mövqelərdə, sıralarda dayanmasının vacib amillərdən biri olduğunu sübut etməyə ehtiyac yoxdur. Xüsusilə, Azərbaycan qadını ana və bacı olmaqla yanaşı, həm də bir ictimaiyyətçi, bir siyasətçi və bir ideya mənbəyidir". Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın birinci xanımı, Yeni Azərbaycan Partiyasının Sədr müavini Mehriban Əliyevanın birinci vitse-prezident postuna layiq görməsinə münasibətini bildirərkən deyib.
O, qeyd edib ki, ümumiyyətlə, son 20 ildə Azərbaycan qadınının əldə etdiyi üstünlüklər, eləcə də qadına verilən dəyərlər bütövlükdə çəkilən zəhmətlərin bəhrəsidir: "Bu baxımdan, Mehriban xanım Əliyevanın timsalında bütün qadınlarımızı təbrik etmək olar. Çünki cənab Prezidentin verdiyi bu qərar bir daha qeyd edirəm, Azərbaycan qadınlarına göstərdiyi sayğı və dəyərin bariz nümunəsidir".
"Mehriban xanımın Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunması bu partiyaya daha çox qadınların gəlməsinə, YAP daxilində onların daha fəal olmasına böyük təsir göstərib"
"Bu gün Azərbaycan qadınlarının simvolu kimi çıxış edən örnəyimiz şübhəsiz ki, Mehriban xanımdır"-deyə vurğulayan YAP Sabunçu rayon təşkilatının sədri bunu belə izah edib: "Çünki o illərdir ki, bir çox sahədə təmsilçilik hüququnu və məsuliyyəti öz zərif çiyinlərində daşıyır. Azərbaycanın bu günki inkişaf sürəti özünəqədərki mərhələləri üstələdiyi kimi, Mehriban xanımın fəaliyyəti də bu inkişaf proseslərinin içərisində qadınların iştirakının önündə gedir. Bu, bir danılmaz faktdır. Gəlin Onun vitse-prezidentlik postuna qədər göstərdiyi fəaliyyətinin bir hissəsinə bir daha nəzər salaq. Məsələn, Mehriban xanım Əliyeva Heydər Əliyev Fonduna rəhbərlik edənə qədər çox böyük fəaliyyət yolu keçib. O, hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu zamanlarda Azərbaycan Mədəniyyətinin Dostları Fonduna rəhbərlik edirdi. Fondun fəaliyyətini özündə əks etdirən "Azərbaycan- İrs" jurnalı təsis olunur. Bu jurnalda özünün də çoxsaylı məqalələri dərc edilirdi. Mehriban xanım, bu vasitəylə Azərbaycan mədəniyyətini necə təbliğ, təqdim etməyin yollarını göstərirdi.
Daha sonra Heydər Əliyev Fondunun rəhbəri olan Mehriban xanımın fəaliyyətində qayğı və mərhəmət, humanizm prisnipləri ön götürüldü. O cümlədən, Heydər Əliyev Fondu Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında öz əvəzsiz rolunu oynamağa başladı. Dünya mədəni irsinin qorunması sahəsində də bu Fondun layihələri əvəzsiz töhfələrini verməkdə davam edir.
O da sirr deyil ki, Mehriban xanım Əliyeva idmana böyük diqqət və qayğı göstərir. Özünün rəhbərlik etdiyi Gimnastika Federasiyasının istər ölkə miqyaslı, istərsədə beynəlxalq yarışlarının təşkil olunmasındakı təşkilatçılığı imkan verdi ki, daha böyük tədbirləri- "Eurovision" mahnı yarışmasının, ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi və sair Avropa və dünya əhəmiyyətli idman, mədəniyyət və s. tədbirlərinə rəhbərlik etsin.
Bütün bunlarla yanaşı, Mehriban xanım Əliyeva həm də millət vəkili kimi parlamentdə təmsil olundu. Qadın millət vəkili olaraq onun fəaliyyəti biz qadın deputatları da onun kimi öz zamanına, onun üçün ayrılmış 5 il müddətə çox böyük məsuliyyətlə yanaşmaq üçün əhəmiyyətli örnəkdir. Məhz Onun təşəbbüsləri nəticəsində on minlərlə insana Amnistiya Aktı ilə yenidən cəmiyyətə, ailə həyatına qayıtmaq imkanı yaradıldı.
O eyni zamanda parlamentdə Azərbaycan-Fransa Dostluq Qrupunun rəhbəri kimi yüksək səviyyəli fəaliyyəti ilə yadda qalmışdır.
Lakin əhəmiyyəti məqamlardan biri də Mehriban xanımın Yeni Azərbaycan Partiyasının üzvü kimi siyasi fəaliyyət göstərməsidir. O, YAP İdarə Heyətinin üzvü, YAP Sədrinin müavinidir. Mehriban xanımın Yeni Azərbaycan Partiyasınıın rəhbərliyində təmsil olunması bu partiyaya daha çox qadınların gəlməsinə, YAP daxilində onların daha fəal olmasına böyük təsir göstərib. Bu baxımdan, Mehriban xanım təkcə öz fəaliyyəti ilə nümunə göstərmir, həm də qadınları bu fəaliyyətə səfərbər etmək kimi vacib bir funksiya daşıyır. Əlbəttə ki, sadalananlarla kifayətlənmək olmaz. Çünki Mehriban xanımın fəaliyyəti yalnız ölkə hüdudlarında deyil, eləcə də ölkə hüdudlarından kənarda da mövcuddur. O, dünya, eləcə də İslam irsinin qorunmasında YUNESKO və İSESKO-nun xoşməramlı səfiridir və bu fəaliyyəti dövründə görülən mühüm işlərin sayı minlərlədir.
Bu gün isə onun fəaliyyətinə daha bir mühüm vəzifə əlavə olundu - Azərbaycan Respublikasının birinci vitse-prezidenti. Bəli, bu vaxtında və zamanında, eyni zamanda verilən ən doğru bir qərardır, Azərbaycanın inkişafı, tərəqqisi və daha güclü dövlətə çevrilməsi naminə".
"O, nə qədər yaşayır, fəaliyyət göstərir, o qədər də yüksəlişlərə sahibi olacaq"
Mehriban Abasquliyeva son olaraq vurğulayıb ki, bu gün Vətənini, dövlətini, millətini sevən hər bir azərbaycanlı Onun bu kimi ali vəzifəyə təyin olunmasını qəlbən, ürəkdən alqışlayır. Ona görə də Mehriban xanım Əliyeva üçün ən ali dəyər Azərbaycan xalqının Ona olan məhəbbətidir, onu yetirən xalqın isti, sayğılı münasibətidir: "Bəli, O zərif Azərbaycan xanımıdır. Lakin zərif göründüyü qədər güclüdür, qətiyyətlidir və çox müdrikdir. Düşünürəm ki, Mehriban xanımın qarşısında hələ çox böyük fəaliyyət istiqamətləri dayanır. Nə qədər yaşayır, fəaliyyət göstərir, o qədər də yüksəlişlərə sahibi olacaq. Biz çox sevinir və hədsiz qürur hissi keçiririk ki, Azərbaycan dövlətinin möhkəmliyi, müstəqilliyinin əbədiliyi və dönməzliyinin təmini kimi mühüm bir faktorda Prezident İlham Əliyev cənabları ilə yanaşı, Mehriban xanım Əliyevanın da adı yanaşı yazılır. Hesab edirəm ki, çox yaxın zamanlarda biz ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti kimi fəaliyyətində möhtəşəm uğurların şahidləri olacağıq. Fürsətdən istifadə edərək, mən hər bir Azərbaycan vətəndaşına qoşularaq, Mehriban xanım Əliyevanı bu münasibətlə təbrik edir, işlərində, yorulmaz fəaliyyətində daha nəhəng uğurlara imza atmasını arzulayıram".
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB