Uşaqlar niyə dilənir? ARAŞDIRMA

İctimai nəqliyyatdan istifadə edən, işə və ya dərsə gedən şəxslərin gündəlik həyatında dilənçilərlə rastlaşmaması mümkünsüzdür. Amma ən təəssüfedici hal onların arasında azyaşlıların az olmamasıdır. Böyüklərin dilənməsini heç birimiz qəbul etmirik. Lakin uşaqlar diləndikdə hər birimiz ürəyimizdə pis olur, onların halına acıyırıq. Çünki, onlar bu işlə istədikləri üçün deyil, məcbur edildikləri üçün məşğul olurlar. Axı onlar qayğı, sevgi içərisində yaşamaq, eləcə də təhsil almaq zamanındadırlar. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən açıqlanan statistikaya əsasən ötən il ölkəmizdə avaralıq və dilənçiliklə məşğul olan yetkinlik yaşına çatmayan 512 uşaq müəyyənləşdirilib. Bu uşaqları dilənçiliyə nə və kim məcbur edir? SİA bu suallara cavab tapmağa çalışıb.

Sosioloq, professor Əhməd Qəşəmoğlunun fikrincə dilənçilərə birmənalı baxmaq düzgün deyil: "Dilənçilər müxtəlif təbəqələrdən ibarətdir. Bir hissəsinin əgər ailə vəziyyəti olduqca ağırdırsa, onlar polis və digər təşkilatlar tərəfindən aydınlaşdırılmalıdır. Həmin ailələrə dövlət tərəfindən müəyyən köməkliklər göstərməklə bunun qarşısını almaq mümkündür. Amma dilənçilik edən daha böyük qrup var ki, onlar bu işlə məcburi şəkildə məşğul olurlar. Lakin müəyyən təbəqə insanlar da var ki, onların həyat tərzləri dilənməkdən ibarətdir. Həmin şəxslər bu yolla kifayət qədər pul qazana bilirlər. Bu halda, müvafiq qurumlar uşaqları dilənçiliyə məcbur edənləri müəyyənləşdirməli, həmin şəxslər siyahıya alınaraq məcbur əməyə cəlb olunmalıdır. Dilənçiliklə məşğul olanların çoxu sosial problemlərə görə deyil, öz həyat tərzlərini bu yol üzərində qurduqları üçün bu işlə məşğul olurlar".

Ə. Qəşəmoğlunun sözlərinə görə, burada ən qorxulu cəhət həmin qrupun cinayət yollarına əl atmasıdır: "Bəzən bu işlə məşğul olan qruplar uşaqları oğurlayır, qəsdlə onlara zərər verir, əlil edib onları dilənçiliyə məcbur edirlər".

Sosioloq qeyd edib ki, dilənçiliklə məşğul olan uşaqların bir çoxu məktəbdən yayındıqları üçün məktəblər bu məsələdə daha diqqətli olmalı, uşaqların dərsdən yayınma səbəblərini araşdırmalıdırlar: "Məktəblər bununla bağlı müvafiq orqanlara arayışlar təqdim etməlidirlər. Bəzən elə uşaqlar olur ki, onları dilənçiliyə valideynləri məcbur edir. Belə ailələrlə xüsusi iş aparılmalıdır. Bu sahədə kompleks işlərin görülməsinə ehtiyac var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələ ilə bağlı fəaliyyət proqramı hazırlamalıdır. Bu məsələnin arxasında ciddi fəaliyyət proqramı olmasa, bu işə sistemli şəkildə müdaxilə olmasa, bu kimi hallar davam edəcək. Bu məsələdə sosioloq, psixoloqların köməyindən istifadə etmək mümkündür".

Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova deyib ki, uşaqları dilənçiliyə ilk növbədə onları dünyaya gətirən valideynlər məcbur edir. Onun sözlərinə görə, bəzi valideynlər bir çox hallarda maddi vəziyyətinin aşağı olmasını bəhanə edərək övladının az yaşlı olmasını, sağlamlığını nəzərə almadan dilənçiliyə sövq edirlər: "Amma çox təəssüf ki, belə uşaqların valideynləri özləri sağlam, iş görmək qabiliyyətinə malik olsalar da, özləri çalışmaq əvəzinə uşaqlarını ön plana çəkərək, dilənməyə göndərirlər. Lakin belə valideynlər bunun uşaqlar üçün pis nəticələrə gətirib çıxaracağını düşünmürlər. Ola bilsin ki, kimlərsə nəzakət göstərib yaşına, vəziyyətinə görə acıyıb uşağa pul verə bilər. Lakin belə uşaqlar psixoloji sarsıntı ilə yanaşı, özgüvənsiz şəraitdə böyüyürlər. Həmin uşaqların 40-50 yaşı olsa belə, onların fizioloji yaşları ilə, bioloji yaşları üst-üstə düşməyəcək. Cəmiyyətə düşünən beyin lazım olduğunu nəzərə alsaq, dilənçiliklə məşğul olan gənclərin cəmiyyət üçün yararsız olduğunu deyə bilərik. Belə şəxslər nəinki cəmiyyət, hətta özləri üçün də lazımlı şəxs ola bilmir, natamam böyüyürlər".

Psixoloqun fikrincə, dilənçiliklə məşğul olan uşaqlarda əzginlik kompleksi olur: "Belə uşaqlar ələ baxımlılığa öyrənir. Bundan onların psixologiyası elə formalaşır ki, sanki pul qazanmağın yeganə yolu dilənçilikdir. Bu cür uşaqlar gələcəkdə hər hansı bir başqa işlə məşğul olsalar belə, onlar əzilmə qorxusu ilə yaşayırlar. Bu baxımdan valideynlər övladlarının gələcəyini düşünməli övladlarını dilənməyə məcbur etmək əvəzinə, özləri çalışıb, valideyin borcunu yerinə yetirməlidirlər. Hər bir uşaq 3 yaşından sonra cinsini, kimliyini dərk etməyə başlayır. Bu yaşda uşağı necə yönəldirsən, o tərəfə yönələcək".

E. Eminova qeyd edib ki, bu cür halların qarşısının alınmasında məktəblər də böyük rol oynaya bilirlər: "Dilənçiliklə məşğul olan uşaqların çoxu məktəbdən yayınır. Bu fakt hər kəsə məlumdur. Bu baxımdan müvafiq qurumlar məktəblərdə maarifləndirmə tədbirləri keçirməklə, müəyyən reklam çarxları vasitəsilə uşaqlara psixoloji təsir edə bilərlər. Çox təəssüf ki, məktəblərdə psixoloqlar olsa da, onlar üzərinə düşən vəzifəni yerinə yetirmirlər. Əgər onlar uşaqlarla toplum şəkildə fəaliyyət göstərsələr, bu sahədə çox iş görə bilərlər. Misal üçün gün ərzində 500 şagirdlə müəyyən testlər vasitəsilə məşğul olub, uşaqların problemlərini ortaya çıxara bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə