FHN Akademiyasında Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 21 fevral 2017-cı il tarixində Xocalı soyqırımının 25-cü ildönümünə həsr olunmuş anma tədbiri keçirilib.
SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, əvvəlcə, tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Toplantını giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Pənah Süleymanov Sovet ordusuna məxsus 366-cı motoatıcı alayın iştirakı ilə erməni qəsbkarları tərəfindən reallaşdırılmış Xocalı soyqırımını XX əsrin ən böyük faciələrindən biri adlandıraraq qeyd edib ki, həmin müdhiş hadisə nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bildirib ki, erməni millətçilərinin tarix boyu xalqımıza qarşı həyata keçirdikləri məkrli siyasət, o cümlədən Xocalı soyıqımı barəsində gənc nəslə, xüsusən də kursantlara, əsgərlərə ətraflı məlumat verilməli, düşmənin kimliyi tanıdılmalıdır. Nazir müavini Xocalıda baş verən həmin hadisələrə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulamış və həyata keçirilmiş soyqırımı cinayəti ilə bağlı həqiqətlərin dünya miqyasında təbliğində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərindən danışıb. O, əmin olduğunu bildirmişdir ki, Ali Baş Komandanın rəhbərliyi ilə dədə-baba yurdlarımıza qayıdacağımız gün uzaqda deyil və məhz o gün şəhidlərimizin ruhu şad olacaq.
FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş hadisəni erməni millətçi ünsürlərinin azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğın aksiyası adlandırmışdır. O, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və deportasiya tarixinə qısa ekskurs edərək bildirmişdir ki, qan yaddaşımıza çevrilmiş bu hadisə unudulmamalı, soyqırımı qurbanlarının xatirəsi qəlbimizdə əbədi yaşamalıdır.
Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev Xocalıda baş vermiş soyqırımı aktının xalqımıza qarşı planlı şəkildə gerçəkləşdirilib terror, deportasiya və etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayət olduğunu diqqətə çatdırılıb. Natiq Xocalı soyqırımının baş verməsində erməni təcavüzkarları ilə yanaşı o zamankı siyasi rəhbərliyin də məsuliyyət daşıdığını bildirib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Elman Nəsirov tarixin dərsləri ilə qiymətli olduğunu vurğulayaraq xalqımızın başına gətirilmiş bu kimi faciələrdən nəticə çıxarmağın vacibliyini nəzərə çatdırıb. Xocalı hadisələrinin bütün əlamətlərinə görə beynəlxalq terror aktı olduğunu bildirən deputat bu hadisənin günahkarlarının layiqli cəzalarının alacaqlarına əminlik ifadə edib.
Çıxışlardan sonra tədbir iştirakçıları İrəvan Dövlət Azərbaycan Dram Teatrının "Soyqırım tarixinin dastanı" tamaşasını izləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB