Nahid Bağırov: “Sərəncamda nəzərdə tutulan tədbirlər Azərbaycana turist axınını çoxaldacaq” AÇIQLAMA
"Dövlət başçımızın turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı Azərbaycanda turizmin inkişafına böyük təkan verəcək. Turizm sektoru bu Sərəncamı çoxdan gözləyirdi". Bunu SİA-ya açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov deyib.
O qeyd edib ki, Sərəncamda nəzərdə tutulan tədbirlər Azərbaycana turist axınını çoxaldacaq: "Dövlət sərhədinin bütün buraxılış məntəqələrində "ASAN ödəniş" terminalları vasitəsilə "ASAN Viza" sisteminə daxil olaraq elektron viza üçün müraciət etmək imkanının yaradılması turistlərin rahat şəkildə viza almasına səbəb olacaq. Öncələr Azərbaycana gələn turistlər Gürcüstana keçəndən sonra vizadan istifadə etdiyi üçün ölkəmizə qayıda bilmirdi. Ancaq bu Sərəncamdan sonra belə problemlər aradan qaldırılacaq".
N.Bağırov dövlət sərhədinin buraxılış məntəqələrində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidini təmin etmək məqsədi ilə xüsusi ayrılmış hərəkət zolaqlarının müəyyən edilməsi üçün müvafiq infrastrukturun yaradılmasının da turizmin inkişafı istiqamətində çox önəmli addım olduğunu bildirib: "Heç bir turist buraxılış məntəqəsində saatlarla gözləmək istəmir. Onların sürətli keçidini təmin etmək turistlərin ölkəmizə çox rahatlıqla daxil olmalarını təmin edəcək".
O, Sərəncamda qeyd olunan digər məsələlərin də ölkəmizin turizim sektorunun sürətli inkişafına zəmin yaratdığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB