Qətər Dövlətinin təhsil nazirinə “BDU-nun Fəxri qonağı” diplomu təqdim edilib

Qətər Dövlətinin təhsil nazirinə “BDU-nun Fəxri qonağı” diplomu təqdim edilib

Bu gün Bakı Dövlət Universitetində (BDU) Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov ölkələrimiz arasında əlaqələrin mövcud səviyyəsindən, Azərbaycan Prezidenti İlham Əliyevin Qətər Dövlətinin Əmiri ilə görüşlərinin əhəmiyyətindən bəhs edib. Rektor ölkəmizin uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu, islam dininin yayılmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Akademik A.Məhərrəmov qonağa rəhbərlik etdiyi BDU-nun fəaliyyəti, beynəlxalq əlaqələri, o cümlədən islam universitetləri ilə əməkdaşlığı barədə ətraflı məlumat verib. Bildirilib ki, BDU-nun yüz ilə yaxın tarixi ərzində çox şöhrətli məzunları, dünya səviyyəsində tanınan görkəmli alimləri olub. Dünya elmi və mədəniyyəti qarşısında, habelə xalqlar arasında dostluğun, demokratik dəyərlərin inkişafında böyük xidmətlər göstərmiş bir sıra tarixi şəxsiyyətlər universitetin fəxri doktorları və fəxri qonaqları adına layiq görülüblər. Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadinin də İslam dünyasının tanınmış elm, təhsil təşkilatçılarından biri olduğunu deyən rektor, ona "BDU-nun Fəxri qonağı" diplomunu təqdim edib.

Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi fəxri ada layiq görülməsindən məmnunluğunu ifadə edib, gələcək fəaliyyətində də elm və təhsil sahəsində əlaqələrin inkişafına dəstək verəcəyini vurğulayıb.

Sonra qonaqlar universitetin elmi-tədqiqat və tədris laboratoriyaları ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə