"Onlar heç vaxt böyüməyəcəklər"

"Onlar heç vaxt böyüməyəcəklər"

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Mətbuat Şurasının, Beynəlxalq Avrasiya Mətbuat Fondu və KİV-in təşəbbüsü ilə Xocalıda şəhid olan 63 uşaqdan bəhs edən "Onlar heç vaxt böyüməyəcəklər" filmini təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, filmin ssenari müəllifi, tədqiqatçı jurnalist, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Müslümqızıdır. Tədbirdə qətliam nəticəsində həlak olanların ruhu 1 dəqiqəlik sükutla yad edilib. Təqdimat mərasimində ilk çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Xocalı Azərbaycan tarixində ən ağır faciələrdən biridir. 1992-ci ildə erməni vəhşiliyi nəticəsində yüzlərlə insanın həlak olduğunu deyən millət vəkili qeyd edib ki, həmin zamandan keçən 25 il müddətində qətliamın tanıdılması istiqamətində görülən işlərin nəticəsində ayrı-ayrı ölkələr Xocalını soyqırım kimi qəbul ediblər: "Faciənin ildönümü ərəfəsində nəinki Azərbaycanda, Avropanın bir çox ölkələrində , hətta Amerikanın ştatlarında bu günlə bağlı müxtəlif tədbirlər keçirilir, qətliam zamanı həlak olanların xatirəsi yad edilir. Bu gün Azərbaycanda soyqırımla bağlı qanun layihəsi hazırlanır. Bu qanun belə faciələrdə günahı olanların cəzalanmasında mühüm sənəd olacaq. Bugünkü tədbirin məqsədi Xocalı soyıqırımı ilə bağlı filmin təqdimatıdır. Xocalını soyqırım kimi sübut etmək üçün şahidlərin olması vacibdir. Bu baxımdan hesab edirəm ki, film Xocalının faciə kimi tanıdılmasında mühüm rol oynayacaq". Sonra tədbirdə film təqdim olunub. Filmdə Xocalı faciəsi şahidlərin dili ilə təsvir edilib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini dekanı, professor Cahangir Məmmədli bildirib ki, şahidlərin fikirləri bizim üçün çox vacibdir: " Çünki faciəni düzgün olduğu kimi yalnız onlar təsvir edə bilirlər. Faciənin sübutunda bu faktlar bizə çox böyük kömək edə bilər. Erməni vəhşiliyinin əsas göstəricilərindən olan Xocalı tariximizin ən qanlı səhifəsidir. Bu günü unutmamalıyıq. Bu film bizə məhz unutmamaq dərsi keçir". Tədbirin davamında çıxış edənlər foilmin faciənin tanıdılması istiqamətində mühüm rola malik olacağını vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə