Xəzərdə naməlum kişi meyiti tapıldı Qərargah

Xəzərdə naməlum kişi meyiti tapıldı Qərargah

"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Axtarış – Xilasetmə qərargahından SİA-ya verilən məlumata görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonu "Pirsaat" qəsəbəsi ərazisində dənizdə sahildən 1 mil aralı məsafədə şəxsiyyəti naməlum kişi meyiti aşkarlanıb.

Tapılan meyitin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

***

Xatırladaq ki, fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonunun Pirsaat ərazisində sahil nəzarəti həyata keçirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin səthində sahildən 1 mil aralı məsafədə meyit müşahidə olunub.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində təqribən 45-50 yaşlı kişi meyiti sahilə çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə