" Son vaxtlar beynəlxalq terminologiyada tez-tez istifadə olunan ifadə var Bu da anormal dindarlıq və ya dindarlaşma prosesidir. Anormal dindarlaşma prosesi elə prosesdir ki, o din pərdəsi altında getsə də, əslində dinin mahiyyəti ilə ziddiyət təşkil edir". SİA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
Onun sözlərinə görə, anormal dindarlaşma prosesi təkcə müsəlman ölkələrində deyil, digərlərində də var: "Bəzən xristian sektaları var ki, onlar müasir texnologiyaları qəbul etmir, nəinki mobil telefon, komputer, hətta işıq, elektrik enerjisindən, eləcə də avtomobildən istifadəni günah sayırlar. Təəssüf ki, islam ölkələrində də anormal dindarlığın təzahürləri var. Bu da ailə dəyərlərinə, müasirliyə də digərlərə qarşı münasibətlərdir Bizim ölkədə bu cür anormal dindarlığın təzahürlərindən sığortalanmayıb. Bunlardan biri də qadın hüquqlarına, ənənəvi ailə institutlarına, ailə dəyərlərimizə qarşı təhdidlərdir. Lakin bu təhdidlər İslam dinindən qaynaqlanmır. Bu din pərdəsi altında başqa xalqlara məxsus ailə dəyərlərin təbliğinin nəticəsidir".
G. İsmayılov qeyd edib ki, şəriət və mədəniyyət ayrı-ayrı anlayışlardır: "Şəriət bütün xalqlar üçün eyni, mədəniyyət isə fərqlidir. Belə olan halda, xalqların qadına, ailə dəyərlərinə münasibətləri fərqlidir. Azərbaycanda qadına olan münasibətlə digər ölkələrdə qadına olan münasibət arasında böyük fərq var. Dindən qaynaqlanan problemlərin həllində sağlam dini maarifçilik önəmli rol oynaya bilər. Bu gün adət-ənələrimizin hamısı dindən qaynaqlanmır. Adət-ənələrimizdə dindən gələn məsələlər rol oynayır, amma məsələ ondadır ki, adət-ənələrimizin formalaşmasında iştirak edən dini faktorların hamısı əsl dindən, yoxsa dırnaqarası dindən qaynaqlanır? Problem İslam dinində deyil. Səhv anlayışlar bizə səhv ad altında gətirilir. Bu milli dövlətçiliyimiz üçün təhlükəlidir. Çünki milli dövlətçiliyin təməlinin arxasında milli ailə dayanır".
"Biz başqa xalqların adət-ənənələrinə deyil, peyğəmbərimizə bənzəməliyik. Dinimizə görə, oxumaq qadın və kişi üçün vacibdir. İslam dinində ailə qurmaq sünnədir, lakin vacib deyil. Öncə vacibi yerinə yetirmək lazımdır. Təhsil vermək valideynin borcudur. Quran ayələrində qadına qarşı zorakılıq məsələsinə də yer ayrılıb. Dastanlarımıza, tarixə baxdıqda görərik ki, orada qadına əl qaldırmaq məsələsi yoxdur. Əksinə qadınlarımız kişilərlə birgə mübarizə aparırlar. Bizim üçün nümunə Peyğəmbərimizdir. Peyğəmbərimiz heç bir qadına əl qaldırmayıb. Böyüklərə münasibətə gəldikdə Peyğəmbərimiz burada da buyurub ki, böyüklərə hörmət kiçiklərə mərhəmət göstərməyənlər bizlərdən deyil. Belə olan halda, biz böyüklərə necə hörmət etməyə bilərik?"- deyə, sədr müavini dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB