Mübariz Mənsimov: "Əgər bilsəm ki, türklər, ermənilərlə sərhəddi açır, mən öz gəmilərimi də götürüb, İstanbuldan Maltaya gedərəm"
Ad özünü doğruldanda

(Portret cizgiləri-esse)

Uzun illərdir onun haqqında xoş sözlər eşidirəm. Və bundan böyük fəxarət duyuram ki, mənim belə bir vətənpərvər, təpədən dırnağa qədər azərbaycanlı olan, bu məmləkətin adını bütün ölkələrdən uca tutan, Vətəni dərin məhəbbətlə sevən, onu var qüvvəsi ilə tanıdan bir həmyerlim, eloğlum var. Elə bir həmyerlim ki, dünyada ölkələr var ki, Azərbaycanı hələ də layiqincə tanımırlar, amma Mübariz Mənsimovu iş adamı kimi tanıyırlar və onun azərbaycanlı olduğunu biləndə, bizim məmləkətlə maraqlanırlar. Sonra elə Mübriz Mənsimovun vasitəsi ilə Azərbaycan haqqında özlərinə bilgilər toplayırlar. Eləcə də onun 300-ə yaxın gəmilərinin 90 faizində Azərbaycanla bağlı, onun qədim və bugünkü tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti ilə bağlı böyük muzeylər var və bu gəmilərin də çoxu xalqımızın tanınmış dahilərinin, böyük şəxsiyyətlərinin, qədim məkanlarının, Milli qəhrəmanlarının adını daşıdığı üçün, dünya xalqları bu adlarla yaxından maraqlananda Azərbaycan haqqında da həmin muzeylərdən məlumat bilgisi əldə edirdilər. Deməli, bütün bunları böyük siyasətlə xaricilərə təbliğ edən məhz xalqımızın böyük oğlu Mübariz Qurban oğlu Mənsimobvur.

Yadımdadır ki, bir vaxtlar xalqımızın dahi sənətkarı Rəşid Behbudovu da dünya ölkələri tanısalar da Azərbaycanı layiqincə tanımırdılar. Amma Rəşid Behbudovun vasitəsi ilə, yəni bu böyük sənətkar incəsənətimizi təblğ etməklə, dünya xalqları Azərbaycanla yaxından tanış olur, həmin ecazkar mahnılarla bu ölkəni sevir və bu ölkə haqqında çoxlu bilgilər əldə edirlər. Deməli, bu deyim həqiqətən də düzdür ki, "bəzən bir şəxsiyyət, bir tanınmış dahi insan doğulduğu ölkəni bütövlükdə dünya xalqlarına layiqincə tanıda və sevdirə bilər".

Amma əfsus ki, dünya ölkələri arasında Azərbaycan üçün çox böyük işlər görən Mübariz Mənsimovu hələ də məmləkətimizdə layiqincə tanımırlar. Onun haqqında Kütləvi İnformasiya Vasitələri də yaxşı işləri haqda yazmaqdansa, olmayan neqativ şeyləri onun haqqında yazıb, ona qara yaxmaqla insanlarımızı çaşdırırlar. Ona qarşı lazım olmayan, bəzən də mənfi imic yaradırlar.

Əlbəttə, bəzilərinin içində olan qısqanclıq, paxıllıq hər birimizə çox pis təsirlər göstərir. Faciələr yaradır. Elə çox vaxt da buna görə bir tayfa, bir oba, bir xanlıq o birinə köməklik etməyib və böyük sərkərdəmiz, dahi şairmiz Şah İsmayıl Xətainin bizim üçün qoyub getdiyi 4 milyon 500 min kvatrat kilomter torpaqlarımızı düşmənlərimiz parça-parça öz aralarında bölüblər. Biz isə həmin arxalı düşmənlərimizə heç nə edə bilməmişik. Bu da zaman-zaman təkrar olunduğuna görə, bu pis adətlər, ayrı-seçkilik bu gün də milltəimizin arasında davam edir və aramızda milli birliyin yaranmasına böyük əngəllər törədir... Tarixlər boyu da sübüt olunub ki, milli birliyi olmayan xalqı əsarətdə saxlamaq, onu həmişə müstəmləkə etmək çox asandır...

Mübariz Mənsimovun yeniyetməlik dostum, tanınmış müğənni, hamının sevimlisi Baloğlan Əşrəfovun və cavanlıq dostum, hamının sevimlisi mərhum aktyorumuz Yaşar Nuriyevin, eləcə də başqa köməksiz, kasıb insanların müalicəsi üçün əvəzsiz köməkliklər etdiyini biləndə bu insana hörmətim, məhəbbətim birə on artdı. Belə qərara gəldim və bir ziyalı, yazar kimi özümə borc bildim ki, xalqımızı dünyada tanıdan iş adamı, təpədən-dırnağa qədər böyük vətənpərvər şəxsiyyət, dəyərli ziyalı, qanı, canı və bütövlükdə kökü ilə bu torpağa bağlı Mübariz Mənsimov haqqında çoxminli oxucularımıza az da olsa məlumat verim. Onu da vurğulayım ki, Mübariz Mənsimovun çox mənalı, maraqlı həyatı çoxlu kitabların, kinofilmlərin ən gözəl, dəyərli mövzularıdır. Amma biz bu sahədə də xarici yazarlardan çox geridə qalmışıq. Çünki xarici qəzetlər, jurnallar onun haqqında çox yazıb və hətta sənədli filmlər də çəkiblər. Böyük, geniş, maraqlı televiziya verilişləri də hazırlayıblar. Amma biz bu haqda əfsus ki, heç nə etməmişik.

Qısa arayış: Mübariz Qurban oğlu Mənsimov 1968-ci ilin mart ayının 22-də gözəl diyarımız Azərbaycanın Masallı rayonunun cənnətməkan guşələrindən biri olan Miyənkü kəndində anadan olub. Bu elə bir kənddir ki, Talış dağlarının ətəyində, gözəl bir məkanda yerləşir.

Ailəsində üç oğlan və altı qızı böyütmək rayonda çox çətin olduğuna görə Qurban kişi, ailəsi ilə birlikdə Bakıya köçüb və burada fəhlə işləyib. O, böyük çətinliklə, özünün alın təri ilə, məşəqqətli zəhməti ilə bu övladlarını böyüdüb. Mübarizin dediyinə görə onun adını atası "Neftçi" komandasının məşhur futbolçusu Mübariz Əsgərovun şərəfinə Mübariz qoyub. Çünki atası Qurban kişi futbol azərkeşi olub. Axı 1960-80-ci illərdə Azərbaycanda futbola maraq çox böyük idi. Həm də gəlin danmayaq. O illərdə insanların qayğıları çox az idi. Sovetlər ölkəsində həmin vaxtlar insana öz işinə görə yaxşı qiymət verirdilər. Yaxşı mütəxəssisi qiymətləndirirdilər. Heç bir arxası olmadan da işdə qabağa çəkirdilər. Yerlibazlıq, tayfabazlıq, qohumbazlıq kimi dəhşətli xəstəliklər həmin vaxtı çox az idi. Savadsızlığa, nadanlığa qarşı böyük bir mübarizə vardı. Bu danılmaz bir həqiqətdir və bunu unutmaq olmaz.

Uşaq yaşlarından dağ çayı olan Viləş və Masallının cənnətməkan yerləri balaca Mübarizə ən çox xoş gələn yerlər ecazkar olubsa, Qurban kişinin ailəsi Bakıya köçəndən sonra, artıq Xəzər dənizi və Abşeronun bağları Mübarizin sevimli yeri olub. Özünün dediyi kimi "Bakı onun uşaqlıq dünyasının sevimli şəhəri, Xəzər dənizi isə bu gözəlliyin tacı sayılır". Bəlkə çayları, dənizləri dərin məhəbbətlə sevməsi də onu Cəmşid Naxçıvanski adına Hərbi məktəbə gətirib. Bu Hərbi məktəbi zabit kimi bitirəndən sonra 1988-94-cü illərdə Xəzər dənizi gəmiçiliyində işləyib və paralel olaraq, təhsilini Rostov Dövlət İqtisad Universitetinin hüquq iqtisadiyyatı fakültəsində davam etdirib. 1994-97-ci illərdə "Agent-34" kompaniyasının üç şərikindən biri olub bizim qəhrəmanımız. Mübariz Mənsimov 1997-ci ildən "Palmali" şirkətini yaradıb və bu şirkətin prezidenti seçilib. Artıq 300-ə yaxın gəmisi olan "Palmali" Şirkətlər Qrupu Türkmənistanın, Qazaxıstanın, Rusiyanın və Azərbaycanın neftini Xəzər, Qara dəniz, Azov, Aralıq, Baltika və başqa dənizlər, okeanlar vasitəsi ilə dünyanın 40-dan artıq ölkələrinə daşıyır. "Palmali" Şirkətlər Qrupunun neft daşınmasından başqa təyyarə, loqistika, inşaat, telekommunikasiya kompaniyaları, özünün xəstəxanası, mehmanxanası da var. Bu Şirkətlər Qurupu başqa sahələrdə də çalışırlar və maraqlı işbirliyi qurublar. Azərbaycandakı məşhur "Xəzər" Lənkəran futbol komandasının da prezidenti Mübariz Mənsimovdur. Amma çox əfsus ki, belə güclü, peşəkar, dünya səviyyəsində oynamağa layiq komanda bəzi səbəblərdən öz işini dayandırası oldu... Mən, bir ziyalı və idmanı sevən insan kimi buna çox heyfislənirəm.

Məmləkətimizdə olan və əsasən də Cənub bölgəsində fəaliyyət göstərən, yüksək keyfiyyətinə görə məhsullarını alıcıların böyük həvəslə aldıqları "Palsüd" firması da bilavasitə onun rəhbərliyi ilə fəaliyyət göstərir. O, nə futbol komandasından nə də "Palsüd" firmasından heç bir qazanc götürmür. Amma hər ay təkcə "Palsüd" firmasına zərərin ödənilməsinə görə 1 milyon matan pul xərcləyir. Bu da yalnız o məqsədlədir ki, burada işləyən insanlar öz ailələrini dolandırsınlar və işsiz qalmasınlar. Eləcə də "Xəzər" Lənkəran futbol komandası da "Palmali" Şirkətlər Qrupunun qazancının hesabına fəaliyyət göstərirdi. Mübariz Mənsimovun prezidenti olduğu "Palmali" Şirkətlər Qrupu Azərbaycandan bir manat pul qazanmasa da, ölkəmizin iqtisadiyyatının inkişafı üçün çoxlu yatırımlar edir. Sutkada cəmi 4 saat yatan Mübariz Mənsimov, gününün qalan vaxtlarını 45 mindən çox işçisi olan "Palmali" Şirkətlər Qrupunun işlərinin inkişafına həsr edir. Amma bununla birlikdə o, bədii ədəbiyyat oxumağa, sevimli sənəti gəmiçiliklə və ovla məşğul olmağa da vaxt ayıra bilir. Həftənin iki gününü isə sevimli üç övladına həsr edir.

Təkcə 2002-ci ildə Mübariz Mənsimovun sponsorluğu ilə Azərbaycanın bölgələrində 7 xəstəxana inşa olunub. Uşaq və Qocalar evləri tikilib. Uşaq və Qocalar evlərinin də bu günə kimi bütöv maliyyə xərcini məhz Mübariz Mənsimovun rəhbərlik etdiyi "Palmali" Şirkətlər Qrupu ödəyir. O, 2004-cü ildə 3 fabrik və 4 zavod tikdirib. Bu müəssisələr zərərlə işləsələr də, Mübariz Mənsimov onlara, orada çalışan insanlara da zərərin ödənilməsinə görə pul ödəyir. Çünki bu fabriklərdə və zavodlarda 1000-dən çox həmvətənlərimiz işləyir və Mübarizin hesabına onlar evlərinə çörək pulu apara bilirlər. O, Milli qəhrəman Mübariz İbrahimovun adına olan gəmidən gələn illik gəlirin 5 faizini onun valideyinlərinə verir. Təkcə axır vaxtlar, Masallı Mərkəzi Xəstəxanasının əsaslı təmir olunmasına, rayonun kənd yolllarının çəkilməşinə, fermerlərə texnikaların alınıb pulsuz verilməsində də Mübariz Mənsimovun böyük maliyyə köməklikləri olub. Bəli. Onunla bağlı belə xeyirxah işlər həddindən artıq çoxdur və saymaqla qurtarmaz…

Mən, belə bir həmyerlimlə fəxr etdiyimə görə onunla bağlı dünya mətbuatında yazılmış çoxlu məqalələri oxudum. Haqqında çəkilən çoxlu maraqlı verlişlərə baxdım. Bütün bunlarda ən çox xoşuma gələn Mübariz Mənsimovun sadə, səmimi, amma dərin, fəlsəfi, maraqlı fikirləri oldu. Bu fikirlərdə mən gördüm ki, o, təkcə iş adamı deyil, həm də maraqlı filosof, yaxşı diplomant, mühasibatlıq işini çox gözəl bilən mütəxəssis, gözəl ailə başçısı və ən əsası isə ətrafında olan bütün işçilərin qədrini bilən yaxşı təşkilatçı sahibkardır, Azərbaycanı qanı, canı ilə sevən əsl vətəndaşdır. O, deyir ki, "Azərbaycanın sərvəti neft yox, onun qiyməti olmayan insanlarıdır. Qəhrəmənları, dahi şəxsiyyətləridir. Onların qədrini bilmək lazımdır". Bu sözləri də yalnız öz doğma Vətənini böyük ürəklə sevən insan deyə bilər. O, Azərbaycanda gedən inkişafla qürür duyduğunu deyir. Və onu da vurğulayır ki, "İstərdim doğma vətənimdə daha böyük işlər getsin. Azərbaycanda insanlar firavan, yaxşı yaşasınlar". Söhbətlərində Mübariz Mənsimov onu da vurğuladı ki, "Rusiyada imkanlı azərbaycanlı iş adamları, sahibkarlar daha çoxdur. Amma əfsus ki, onlar orada bizim diaspor, lobbiçilik işimizi heç də yaxşı aparmırlar. Orada Azərbaycan məktəbləri açmırlar. Mədəniyyətimizi, ədəbiyyatımızı, incəsənətimizi, xalqımızın ululuğunu, torpaqlarımızın ermənilər tərəfindən işğal olunmasını, Xocalıda millətimizin başına gətirilən dəhşətli faciələri layiqincə təbliğ etmirlər. Ermənilərin işğalçı olduqlarını dünya xalqlarına layiqincə çatdırmırlar. Bu sahələrdə ermənilər onlardan çox qabaqdadır". Mübariz Mənsimovun sözlərinə qüvvət onu da deyim ki, təkcə Rusiyada yox, heç dünyanın başqa olkələrində də Azərbaycan diaspor işi, lobbiçiliyi yaxşı getmir. Bu müqəddəs işləri görən həmvətənlərimiz çox əfsus ki, azdır. Əlbəttə, belə olanda biz, dünya xalqları arasında öz sözümüzü layiqincə deyə bilmirik. Və Azərbaycanı layiqincə təbliğ edə bilmərik. Necə ki, edə bilmirik...

Dünyanın ən aparıcı qəzet və jurnalları onunla bağlı maraqlı müsahibələri öz səhifələrində çap ediblər. Hətta bütün dünyada tanınan "Forbes" jurnalı da həmyerlimiz Mübariz Mənsimovala bağlı çox maraqlı müsahibəni öz jurnalında çap edib. Dünya xalqları arasında böyük maraqla qarşılanan bu yazıları, əfsus ki, biz tərcümə edib, öz mətbuatımızda yazmamışıq. Belə qərara gəldim ki, oxucuların onun haqqında daha böyük təsəvvürü olmaq üçün, həmin yazıların bəzilərindən maraqlı faktları da bu portret cizgilərinə əlavə edim. Bu yazıların çoxu əlbəttə, rus, ingilis, fransız, ispan və türk dillərindədir. İstəyirik ki, gələcəkdə onların hamısını olduğu kimi tərcümə edib, Azərbaycan oxucularına çatdıraq. Görəsən buna imkanımız olacaqmı?..

"Harda korrupsiya varsa, biz orda yoxuq"

Belə sözlərinə görə halal olsun eloğlumuza.

Bu gün "Palmali" Şirkətlər Qrupunun 5-6 təyyarəsi var. Amma Mübariz Mənsimov deyir ki, "bu sahəni daha genişləndirmək istəmirik. Çünki bizim əsas işimiz gəmiçilik və yük daşınma üstündə qurulub. Axı biz, dənizçiyik". Milli mənsubiyyət məsələsindən söz düşəndə Mübariz Mənsimov belə dedi: "Mən fəxr edirəm ki, azərbaycanlıyam. Azərbaycan millətinin isə ən yaxın qardaşı

Türkiyərdir. Mən Türkiyə vətəndaşıyam. Bu ölkəni də çox sevirəm. Onu da bilirəm ki, Azərbaycan hər an Türkiyənin yanındadır. Eləcə də Türkiyə hər an Azərbaycana kömək eləməyə hazırdır". Mübariz Mənsimov onu da vurğuladı ki, "bizim işimizin 80 faizi Rusiya ilə bağlıdır. Biz, Rusiyanın Moskva, Rostov, Novosibirsk, Sankt-Peterburq, Volqorqrad, Astraxan, Kerç şəhərləri ilə iş birliyi qurmuşuq. Ona görə də bizim "Palmali" Şirkətlər Qrupunun işinin çox böyük hissəsi də Rusiyadadır. Şirkətlər Qrupunun baş direktoru da Rusiyadakı ofisimizdə oturub". Onun niyə Türkiyədə yaşamasının səbəbini soruşduqda isə belə maraqlı bir cavab verdi: "Çünki Türkiyə Azərbaycandan sonra mənim ikinci Vətənimdir. Mən özümü Bakıdakı kimi İstanbulda da rahat hiss edirəm".

"Palmali" Şirkətlər Qrupunun prezidenti onu da bildirdi ki, "bizim şirkətin gəmilərinin 90 faizinin adları Azərbaycanın regionlarının, qəhrəmanlarının və böyük şəxsiyyətlərinin adını daşayır. Bu gəmilərdə Azərbaycanla bağlı çox böyük tarixi məlumatlar da var. Bu bizim ali məqsədimizdir. Nə qədər ki, mən bu şirkətə rəhbərlik edirəm, belə də olacaq. Mən istəyirəm ki, bütün dünyada bilsinlər ki, "Palmali" Şirkətlər Qrupu Azərbaycanındır. Bu, məhz Azərbaycan kompaniyasıdır".

Mübariz Mənsimov bir daha vurğuladı ki, "bizim məqsədimiz Azərbaycana və xalqımıza xidmət etməkdir. Əgər mən iş adamı kimi desəm ki, bu işdən qazanc götürmürəm, bu düz fikir olmaz. Amma biz, birdən-birə çox böyük pul qazanmaq haqqında fikirləşmirik. Çünki qoyduğumuz kapitalı yavaş-yavaş qazanırıq. Həm də çalışırıq ki, hansı ölkə ilə işbirliyi qurmuşuqsa, onlar da bu kompaniyanın işindən pul qazansınlar. İşbirliyi qurduğumuz ölkələrdə Azərbaycanı və onun mədəniyyətini yaxşı cəhətləri ilə tanıtmaq istəyirik. Bizim bütün gəmilərimizdə Azərbaycanla bağlı çox geniş muzeylər var. Bu gün Azərbaycanı apardığı uğurlu daxili və xarici siyasətinə görə artıq bütün dünyada tanıyırlar. Biz də bununla fəxr edirik. Bizim ən böyük ali məqsədimiz və siyasətimiz Azərbaycan iqtisadiyyatına köməklik etməkdir. Bütün vasitələrlə doğma Vətənimizə köməklik etmək istəyirəm. İstəyirəm ki, Azərbaycan dünyanın ən aparıcı ölkələrindən biri olsun. Dünyanın ən aparıcı ölkələri də Azərbaycanla hesablaşsınlar".

Bax, bu sözləri yalnız Vətəninə vurğun olan, onu öz varlığı qədər sevən insan, böyük şəxsiyyət belə deyə bilər.

Dünyanın məşhur jurnalı həmyerlimizi təbliğ edir

Məşhur "Forbes" juranlı isə onunla bağlı belə maraqlı fikirləri yazır: "45 mindən çox işçisi olan "Palmali" Şirkətlər Qrupunun ən çətin anlarda belə, başqa kompaniyalara da necə yardım, köməklik etməsi, həmin insanları ölümün pəncəsindən necə almaqları haqqında sizə maraqlı bir fikri demək istəyirik. Bu hadisə 2002-ci ilin oktyabr ayında baş verib. Həmin vaxtı Aralıq dənizində baş verən böyük fırtına, suyu 6 metr hündürlüyə qaldırırdı. Kipr bayrağı ilə hərəkət edən Serbiya dənizçilərini çox böyük fəlakət gözləyirdi. Bu vaxt batmaqda olan gəmiyə keçmiş İrtış gəmiçiliyinin "Brazers-1" tankeri yaxınlaşıb, onları ölümün pəncəsindən qurtardı. Bu "Brazers-1" tankeri məhz "Palmali" Şirkətlər Qrupuna məxsus idi. Bu məşhur kompaniya isə azərbaycanlı Mübariz Mənsimova məxsusdur. "Biz beynəlmiləl şirkətik. Türkiyədə bizi türk, Rusiyada rus və Azərbaycanda azərbaycanlı bilirlər", - deyə "Forbes"in suallarına cavab verən Mənsimov bildirib ki, bizim məqsədimiz heç bir yerdə ayrı-seçkilik salmamaq və hamıya da lazım olan kimi köməklik etməkdir. Yer üzündə bütün insanlar qardaş və bacıdırlar. Sadəcə onlar bir-biri ilə layiqincə dil tapıb, mehriban yaşaya bilmirlər. Əgər dil tapıb, mehriban yaşasalar, dünya daha da gözəl və cənnət olar.

Dənizdə ən çətin məqamlarda bizim kompaniyanın üzvləri millətindən asılı olmayaraq, hamıya köməklik edirlər. Biz, dənizdə çoxlu belə hadisələrlə rastlaşmışıq və həmişə də onlara köməklik etmişik. Lazım olsa yenə də köməklik edəcəyik. Çünki yuxarıda dediyim kimi biz, bütün insanlara eyni gözlə baxırıq. Təki onların əqidələri təmiz, saf, düz olsun. Başqa millətlərin torpaqlarını zəbt edib, kəndlərini yandırıb, dinc insanları qətlə yetirib, millətini didərgin salmasınlar".

Keçmiş Sovet ordusunun zabiti Mübariz Mənsimovun rəhbərlik etdiyi şirkət Rusiya neftini və neft məhsullarını dünya ölkələrinə daşıyan ən böyük kompaniyadır. Rusiyanın ən böyük tankerləri olan "Novaşip" kompaniyasının illik gəliri 60 milyon rubldisə, "Palmali" Şirkətlər Qrupunun təkcə 2008-ci ildə gəliri 270 milyon dollar olub. Kompaniyanın yarandığı illəri xatırlayan Mübariz Mənsimov belə dedi: "Sovetlər Birliyi dağılandan sonra biz Volqa çayında olan, sovet gəmiçiliyindən nə gəmi və tankerlər qalmışdısa onları almağa və yenidən təmir etməyə başladıq. Həmin vaxtı şəxsi gəmiçilik yenicə işə başlayırdı".

Əlbəttə, hər şey təkcə qazancla ölçülmür, həm də bu şirkət Xəzər dənizi vasitəsi ilə Rusiyanın, Türkmənistanın, Qazaxıstanın və Azərbaycanın neftini dünya ölkələrinə daşıyır. Bu şirkətinn Rusiyada ən böyük iş qurduğu təşkilat "Lukoil"dur. Mübariz Mənsimov deyir ki, "biz hər ay "Lukoil" komapniyasının 300 000 min ton neftini daşıyırıq. Bu da indiki vaxtda çox böyük rəqəmdir".

"Forbes" jurnalında çap olunan bu maraqlı yazı çox böyük olduğuna görə, məqsədimiz gələcəkdə həmin müsahibəni tərcümə edib, olduğu kimi çoxminli oxuculara çatdırmaqdır. Çünki bu yazı vasitəsi ilə həmyerlimiz Mübariz Mənsimovun xarakterinin lazım olan cizgilərini daha aydın görmək mümkündür. Amma mən bir şeyi vurğulamaq istəyirəm ki, xalqımızın belə bir qeyrətli, vətənpərvər oğlunu və onun gördüyü xeyirxah işləri təbliğ etmək, vətənini, xalqını sevən hər bir yazarın borcudur. Belə yazılar qəzetlərdə, jurnallarda çap olundcuqca, saytlarda yerləşdirildikcə onda biz, dünyada Azərbaycanı yüksək səviyyədə təmsil edən Mübariz Mənsimov kimi oğlullarımızı, iş adamlarımızı daha yaxından tanıya bilərik. Xalqımızın belə oğulları Vətənimiz olan Azərbaycanı dünyada tanıdır, diaspora işimişi, lobbiçiliyi yüksək formada davam etdirirlər. Dünyada böyük informasiya müharibəsi getdiyi indiki vaxtlarda, bu müqəddəs işlər bizə daha çox vacib lazıdır. Amma biz, daxilimizdə olan paxıllığa, həsədə görə onları məmləkətimizdə layiqiqincə təbliğ etmirik. Xalqımıza yüksək səviyyədə tanıtmırıq. Onlar da bundan inciyirlər. Sonra da deyirik ki, onlar niyə Azərbaycana lazım olan kimi köməklik etmirlər. Amma ermənilər özlərinin bir milçəyini filə döndərib, dünya xalqları arasında təbliğ edirlər...

Mübariz Mənsimovun tarixə düşən, dediyi bu sözlər isə mənə daha xoş təsir bağışladı və ürəyim dağa döndü: "Sən gözləmə ki, Vətən sənin üçün nə edib. Fikirləş ki, mən, Vətən üçün nə etmişəm və bundan sonra nələri edəcəm". Bax, bu sözləri hər bir azərbaycanlı özünün müqəddəs ali məqsədi etsə, önda Vətənimiz Azərbaycan həqiqətən də dünyada layiqincə tanınar və xalqımız firavan yaşayar.

Viləş dağ çayıdır. Mən bu çayın kükrəyən, qollu-budaqlı ağacları qabağına qatıb aparan vaxtlarını çox görmüşəm. Mübariz adı isə qoçaqlıq, döyüşkənlik, mübarizlik simvoludur. Mənə elə gəlir ki, ilk görünüşdə sakit təbiətli olan, hər bir sözü ölçüb-biçib danışan həmyerlimiz Mübariz Qurbanoğluda da həm Viləş çayı kimi yeri gələndə coşmaq və həm də adı kimi böyük mübarizlik var. Əgər belə olmasaydı, onda o, çox gənc yaşlarında öz məqsədinə doğru mətin addımlarla getməz, lider kimi yetişməz və belə böyük uğurlar əldə edə bilməzdi. 22 mart tarixi isə həm balıq və həm də qoç bürclərinin ortasına düşür. Deməli, onun xasiyyətində balıq kimi müdriklik, lazım olanda çətin məqamlardan məntiqlə keçmək, suyu sevmək və qoç kimi döyüşkənlik, öz Mənin sübut etmək var.

Mən onun söhbətlərindən özüm üçün bunları da əxz etmişəm. Mübariz Mənsimov öz varlığı qədər Qarabağı sevən azərbaycanlı oğludur. O, Qarabağ üçün hər şey etməyə hazır olduğunu tez-tez vurğulayır. İnanırıq ki, Qarabağın qara bəxtinin açılmasını da Mübariz Mənsimovla birlikdə tezliklə hamımız görəcəyik. O, hər bir söhbətlərində Qarabağda Milli Ordumuzun Azərbaycanın üç rəngli bayrağını tezliklə Şuşanın Cıdır düzündə, Xankəndində, Qarabağın ən uca nöqtələrində sancılmasını səbirsizliklə gözlədiyini deyir. Ulu Tanrıdan diləyimiz budur ki, sizin bu müqəddəs arzunuz tezliklə çin olsun, əziz Mübariz Qurbanoğlu. Çünki siz bu müqəddəs yolda da çox böyük uğurlu işlər görürsünüz. Qoy sizin özünüzün və Azərbaycanın üç rəngli bayrağı ilə dünya sularında üzən gəmilərinizin də yolu daima uğurlu olsun. Axı siz, insanlara yalnız uğur gətirirsiniz. Uğur diləyən insanlar həmişə müqəddəs olur.

Ağalar İDRİSOĞLU,

Yazıçı, rejissor, jurnalist

Əməkdar İncəsənət Xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə