DİM-in ilk beynəlxalq layihəsinin təqdimatı keçirilib YENİLƏNİB

DİM-in ilk beynəlxalq layihəsinin təqdimatı keçirilib YENİLƏNİB

"Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək" adlı yeni Tvinning layihəsinin rəsmi açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavini Bəhram Xəlilov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyev, digər rəsmi şəxslər, xarici qonaqlar iştirak ediblər.

İlk çıxış edən DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, 2 il davam edəcək layihənin ümumi məqsədi Azərbaycanda Avropanın qabaqcıl təcrübəsinə uyğun peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etdirilməsinə töhfə verməkdir. O deyib ki, əsas məqsəd Dövlət İmtahan Mərkəzinin (DİM) malik olduğu alətlərin və potensialın artırılması, fəaliyyətində səmərəliliyin yüksəldilməsi, vəzifələrin yeni təsnifat sisteminin yaradılması və bu sistemin dövlət qulluğuna qəbul, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və əməyin ödənilməsi sistemi ilə əlaqələndirilməsidir. Layihə dövlət idarəetməsinin dəstəklənməsi, qabaqcıl təcrübə mübadiləsi, eləcə də milli qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. Layihənin tərəfdaşları Litva Respublikasının Dövlət Katibliyi və Azərbaycanın Dövlət İmtahan Mərkəzidir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Aİ tərəfindən maliyyələşdirilən və 2 il üçün nəzərdə tutulan layihənin büdcəsinin 1,2 milyon avro olduğunu söyləyib.

Daha sonra çıxış edən Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev qeyd edib ki, Tvining elə bir proqramdır ki, tərəfdaşdan asılı olmayaraq nəticə etibarilə uğur gətirir: "Azərbaycan Aİ ilə müxtəlif sahələr üzrə əməkdaşlıq edir. Səkkiz ilə yaxındır ki, Milli Məclisdə Avropa İttifaqı ilə işçi qrupu fəaliyyət göstərir. Tvinning layihələrinin həyata keçirilməsi maliyyə tələb edir. Ancaq buna baxmayaraq, maliyyənin sərf edilməsinin düzgün qurulması orada iştirak edən ölkələrin təcrübəsindən çox asılıdır. Müəyyən çətinliklərin olması da qaçılmazdır. Hazırda dövlət qulluğu ilə bağlı layihə çox vacibdir. Gündəlik qanunvericiliklə məşğul olan bir şəxs kimi deyə bilərəm ki, dövlət qulluğundan çox şey asılıdır. TQDK ilə DQMK-nın birləşdirilməsi nəticəsində Dövlət İmtahan Mərkəzinin yaradılması bu sahənin daha da inkişaf etdirilməsi, dünya standartlarına uyğunlaşdırılmasına böyük dəstək olacaq".

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və digər natiqlər də layihənin əhəmiyyətindən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə