Bəhram Xəlilov: "Azərbaycanda dövlət qulluğu sahəsində mühüm işlər görülüb"

Bəhram Xəlilov: "Azərbaycanda dövlət qulluğu sahəsində mühüm işlər görülüb"

"Azərbaycanda dövlət qulluğu sahəsində mühüm işlər görülüb". SİA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov yeni Tvinninq layihəsinin açılış mərasimində çıxış edərkən deyib.

Dövlət qulluğuna qəbulun şəffaf keçirilməsi işində bir çox nailiyyətlərin əldə edildiyini vurğulayan B. Xəlilovun sözlərinə görə, dövlət qulluqçularının reyestrinin formalaşdırılması bu sahədə hesabatların əldə edilməsi şərait yaradıb: "Mövcud sahədə ən böyük problemlərdən biri vakant vəzifələrin təqdim edilməməsi ilə bağlı idi. Lakin reyestrdən sonra bütün vakant vəzifələr görünür və onların müsabiqə əsasında tutulmasına şərait yaradılır. Ölkəmizdə 2006-cı ildən başlayaraq dövlət qulluqçularının dövləti fəaliyyətinin qiymətləndirilməsi aparılıb. Nəticədə dövlət qulluqçularının vəzifədə yüksəlişi, karyera qurması, motivasiya edilməsi həyata keçirilib. Dövlət qulluqçularının etik davranış qaydaları qəbul edilib. Hər il bütün dövlət orqanlarının əməkdaşlarının etik davranışı barədə hesabatlar təhlil olunub. Bununla yanaşı hər bir dövlət orqanında etik müvəkkillər institutu yaradılıb. Bu sahədə beynəlxalq əməkdaşlıq çox önəmlidir. Gələcəkdə dünya təcrübəsini öyrənərək uyğun olan yeni standartlar Azərbaycanda tətbiq ediləcək. İndiyədək Türkiyə, Ukrayna, Monteneqro və Qırğızıstanla hökumətlər arası müqavilələr imzalanıb".

Bütün xəbərlər Facebook səhifəmizdə