Yeni Tvininq layihəsinin açılış mərasimi keçirilir YENİLƏNİR

Yeni Tvininq layihəsinin açılış mərasimi keçirilir YENİLƏNİR

"Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək" adlı yeni Tvinninq layihəsinin rəsmi açılış mərasimi keçirilir. SİA-nın xəbərinə görə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və iki il müddət üçün nəzərdə tutulan layihənin büdcəsi 1.2 milyon avrodur. Layihənin ümumi məqsədi Azərbaycanda Avropanın qabaqcıl təcrübəsinə uyğun peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etdirilməsinə töhfə verməkdir. Layihənin əsas məqsədi Dövlət İmtahan Mərkəzinin (DİM) malik olduğu alətlərin və potensialın artırılması, fəaliyyətində səmərəliliyin yüksəldilməsi, vəzifələrin yeni təsnifat sisteminin yaradılması və bu sistemin dövlət qulluğuna qəbul, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və əməyin ödənilməsi sistemi ilə əlaqələndirilməsidir. Layihə dövlət idarəetməsinin dəstəklənməsi, qabaqcıl təcrübə mübadiləsi, eləcə də milli qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. Layihənin tərəfdaşları Litva Respublikasının Dövlət Katibliyi və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzidir. Tədbirdə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavini Bəhram Xəlilov, Avropa İttifaqının Azərbaycandakı nümayındəliyinin rəhbəri Malena Mard, Litvanın ölkəmizdəki səfiri Valdas Lastauskas, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, bir sıra rəsmi dövlət nümayəndələri, eləcə də xarici qonaqlar çıxış edirlər. Məlumat üçün nəzərinizə çatdıraq ki, Avropa Komissiyasının təşəbbüsü olan Tvinninq aləti 1998-ci ildə namizəd ölkələrin Avropa İttifaqına inteqrasiya prosesini dəstəkləmək məqsədilə başlanıb. Tvinninq Avropa Qonşuluq və Əməkdaşlıq Aləti kimi Azərbaycanda 2006-cı ildən həyata keçirilir və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə Avropa İttifaqına üzv ölkələrin və benefisiar ölkənin dövlət sektoru təcrübəsini bir araya gətirir. İndiyə kimi Azərbaycanda 25 Tvinninq layihəsi uğurla icra olunub. 10 Tvinninq layihəsi icra olunur, 10-u isə danışıqlar mərhələsindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə