Mürvət Həsənli: "Cocuq Mərcanlının bərpası böyük rəmzi məna daşıyır"
Məlum olduğu kimi, Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, ilkin olaraq, 4 milyon manat ayrılıb. Söhbət etdiyimiz "Xəmsə" MMC-nin rəhbəri Mürvət Həsənli Cocuq Mərcanlıya qayıdışın böyük hadisələrin müjdəçisi və başlanğıcı olduğunu bildirdi.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin kəndin bərpası ilə bağlı addımı olduqca böyük rəmzi məna daşıyır: "Ölkə başçısı "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı Cocuq Mərcanlı ilə bağlı çox vacib tapşırıqlar verdi. Yeni iş yerlərinin açılmasının vacibliyi baxımından, tövsiyələrini verdi. Dövlət başçımızın kəndlə bağlı humanist addımı, qayğı, istək, sakinlərin böyük həvəslə oraya qayıtmaq istəyi, bununla bağlı rəsmi müraciət etmələri biz sahibkarları daha da həvəsləndirir. Artıq bir sahibkar kimi, Cocuq Mərcanlıda quşçuluq fermasının təsisini planlaşdırıram. Bu, kənd sakinləri üçün yeni iş yerlərinin yaradılması deməkdir. Yəni təsəvvür edək ki, sabah 200 ailə Cocuq Mərcanlıda məskunlaşsa, biz, ən azından, 100 adamı işlə təmin edə bilərik. Ölkə başçısının müvafiq tapşırıqlarından irəli gələrək, hazırda orada böyük işlır gedir".
Mürvət Həsənlinin sözlərinə görə, quşçuluq fermasının yaradılması ilə ilkin mərhələdə illik 8-10 ton quş ətinin istehsalını planlaşdırırıq: "İstərdim, Azərbaycanda quşçuluğun inkişafından da bir az söz açım. Azərbaycanda quşçuluğun inkişafında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub. Azərbaycanda quşçuluğun inkişafı tarixi 1970-ci ildən başlayır. Ulu Öndər Heydər Əliyev 1969-cı ildə Azərbaycan SSR Mərkəzi Komitəsinin birinci katibi olduqdan cəmi 1 il sonra, digər sahələr kimi, quşçuluğun inkişafına da xüsusi diqqət yetirməyə başladı. Həmin illərdə yaradılmış Giləzi, Qaraqaşlı, İmişli, Biləsuvar və digər fabriklərin bərpa işlərini öz nəzarətinə götürüb. Ölkə başçısı İlham Əliyevin Prezident seçilməsindən sonra da quşçuluğun inkişafı sürətlə irəli getdi. Belə ki, illik istehsal gücü 55 min ton quş əti və 248,5 milyon ədəd yumurta olan 39 quşçuluq fabrikinin istehsal gücünün genişləndirilməsinə və əlavə olaraq 5 damazlıq, 1 əmtəəlik və 9 broyler fabrikinin istifadəyə verilməsinə son illər ərzində 98 milyon manat güzəştli kredit verilib. İki il öncəyə nəzər salaq. 2014-cü ildə respublika üzrə istehsal olunmuş 99,4 min ton quş ətinin 64 min tonu, 1562,7 milyon ədəd yumurtanın 703,3 milyon ədədi sənaye üsulu ilə istehsal olunmuşdur. Ötən il isə illik quş əti istehsalı 100 min tona, yumurta istehsalı 1,5 milyard ədədə çatıb. Ölkə əhalisinin quş məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin olunur. Cocuq Mərcanlıda yaradılacaq təsərrüfatın layihəsi artıq hazırdır. Yaxın zamanda, Cəbrayıl rayon icra hakimiyyəti və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ərazinin seçilməsi, alınması və işin qurulması üzrə müraciət edəcəyik.
İlk addımı, bir iş adamı olaraq, atırıq və ümid edirik ki, digər sahibkarlar da səsimizə səs verəcək. Cocuq Mərcanlı bizi Şuşaya, Laçına, Kəlbəcərə və Ağdama aparan yoldur! İndi hər birimiz dövlətlə, xalqla bir olmalıyıq. Ali Baş Komandanın yanında əskər kimi durmalı, Cocuq Mərcanlı, Lələ Təpə kimi zəfərli günlərə hazır olmalıyıq".
Gülyanə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB