"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin 2016-cı il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. "Azərsu" ASC-dən SİA-ya verilən məlumata görə, iclası giriş sözü ilə açan "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov 2016-cı ildə ölkəmizdə mühüm sosial-iqtisadi tədbirlərin həyata keçirildiyini, makroiqtisadi sabitliyin qorunması və qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi addımlar atıldığını bildirmişdir. Səhmdar Cəmiyyətin sədri qeyd etmişdir ki, qlobal iqtisadi böhranın təsirlərinə baxmayaraq sosial və infrastruktur layihələrinin icrası davam etdirilmiş, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə mühüm addımlar atılıb.
2016-ci ildə "Azərsu" ASC tərəfindən 1 milyon 413 min abonentə içməli su təchizatı və kanalizasiya xidmətləri göstərilmiş, il ərzində istehlakçılara 639 milyon kubmetr su satılıb. Hesabat dövründə 745 km içməli su, 435 km kanalizasiya xətləri çəkilmiş, 15 ədəd su anbarı tikilmiş, 26 subartezian quyusu qazılmış, 116 min sayğac quraşdırılıb. Görülmüş işlər nəticəsində 143 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilmiş, 134 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da fasiləsiz içməli su ilə təmin olunanların xüsusi çəkisi Bakı şəhərində 80,6 faizə, ölkə üzrə 65,6 faizə yüksəlmişdir: "Möhtərəm Prezident İlham Əliyevin əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su il təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq 2016-ci ildə Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də respublikanın şəhər və rayon mərkəzlərində, kəndlərdə layihələr icra edilib. Hesabat dövründə Tərtər Beyləqan və Qusar şəhərlərində dövlət başçısının iştirakı ilə su və kanalizasiya sistemlərinin açılış mərasimlərinin keçirilməsi ilin ən əlamətdar hadisələri olmuşdur. Bununla yanaşı, Şirvan-Muğan qrup su kəmərindən Salyan şəhərinə magistral su xətti çəkilmiş, Şirvan şəhərinə yeni birləşmə verilib. Bununla da hər iki şəhərdə istehlakçılar keyfiyyətli içməli su ilə təmin olunublar".
Hazırda Gədəbəy, Daşkəsən, Xaçmaz, Qobustan, Şamaxı, Ağdaş şəhərlərində su və kanalizasiya şəbəkələrinin inşasının yekunlaşma ərəfəsində olduğunu deyən "Azərsu" ASC-nin sədri 2016-cı ildə daha bir şəhərdə - Ağcabədidə içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin, Şəki şəhərində həyata keçirilən layihənin növbəti mərhələsinin icrasına başlanıldığını da diqqətə çatdırıb. Hesabat dövründə 23 kənd və qəsəbədə görülmüş işlər nəticəsində 30 minədək sakinin içməli su problemi həll edilib.
Bakı şəhəri və Abşeron yarımadasında həyata keçirilən layihələr barədə məlumat verən Q. Hüseynov Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin dünyada ilin 4 böyük və önəmli su layihəsindən biri seçilməsini qürurverici hadisə adlandırılıb.
Hesabat dövründə Badamdar qəsəbəsində yeni infrastrukturun yaradılması işləri intensiv şəkildə həyata keçirilmiş, Nizami rayonunda 25 km şəbəkə və məhəllədaxili xətt yenidən qurulmuş, 16,6 min sayğac quraşdırılıb. Nərimanov rayonunda isə 54 nasosxananın fəaliyyəti dayandırılıb, 23 min nəfər fasiləsiz su ilə təmin edilib.
2016-cı ilin ötən dövründə Tarif (qiymət) Şurasının qərarı ilə su təchizatı və tullantı sularının axıdılması tarifləri tənzimlənmiş, Prezidentin fərmanı ilə Bakı şəhərində yağış-kanalizasiya sistemlərinin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupu yaradılmış, Nazirlər Kabinetinin qərarı ilə "Azərsu" ASC-nin strukturunda dəyişikliklər edilib. İstehlakçılara göstərilən müştəri xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə elektron xidmətlərin sayı 7-yə çatdırılmış, "Azərsu" ASC-nin "Asan xidmət" və "Asan Kommunal" mərkəzlərində xidmət dairəsi xeyli genişlənmişdir.
Daha sonra "Azərsu" ASC sədrinin birinci müavini Teyyub Cabbarov, sədr müavini Köçərli Həsənov, İqtisadiyyat və Uçot İdarəsinin rəisi Yaşar Kəlbiyev, İnformasiya və kommunikasiya texnologiyaları departamentinin rəisi Emil Əhmədov, Texnoloji proseslərə nəzarət və ekologiya şöbəsinin rəisi Zahid Qasımov hesabat məruzəsi ilə çıxış edərək, müvafiq sahələr üzrə 2016-cı ildə görülmüş işlər barədə ətraflı məlumat veriblər.
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq qarşıda duran vəzifələr barədə tapşırıqlar vermişdir. Qeyd olunmuşdur ki, 2017-ci ildə Xırdalan və Qazax şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlanılacaq. Gəncə, Şəki, Beyləqan, Ağcabədi, Tərtər, Gədəbəy, Xaçmaz, Xızı, Qobustan, Naftalan şəhərlərində tullantı sutəmizləyici qurğuları tikiləcək.
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Zərdab, Hacıqabul və Şamaxı rayonlarının ərazisində 20 min ha torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə yeni layihələr həyata keçiriləcək. Zərdab rayonu ərazisində Kür çayından saniyədə 3 kubmetr su götürmək üçün sugötürücü qurğu və nasos stansiyası tikiləcək, 15 km uzunluğunda kəmər çəkiləcək. Artıq bu istiqamətdə tikinti-quraşdırma işlərinə başlanılıb. Hacıqabul rayonunun Talış kəndindəki təmizləyici qurğunun imkanlarından istifadə etməklə Padarçöl ərazisinə 27 km xətt tikiləcək.
Səhmdar Cəmiyyətin sədri məcburi köçkünlərə şamil olunan güzəştlərin vahid müavinətlə əvəzlənməsindən irəli gələn məsələlərin qısa müddətdə həll edilməsi, debitor borcların azaldılması məqsədi ilə abunəçilərlə işin təkmilləşdirilməsi, içməli sudan qeyri-qanuni istifadə hallarının azaldılması sahəsində ciddi tədbirlərin görülməsi barədə tapşırıqlar vermişdir.
2017-ci ildə Bakı şəhərində Birinci Bakı Beynəlxalq Su Həftəsi, Formula-1 Azərbaycan Qran-prisi, İslam həmrəylik Oyunları və digər beynəlxalq tədbirlərin keçirilməsi nəzərə alınaraq göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı tapşırıqlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB