Azərbaycan milli mətbuatı xalqımızın azadlıq amallarının gerçəkləşməsində, milli özünüdərkin formalaşması və inkişafında, milli və ümumbəşəri dəyərlərin təbliğində böyük rol oynayıb, bütün dövrlərdə həqiqət carçısı, cəmiyyətin aynası olub, müstəqil dövlət quruculuğuna əhəmiyyətli töhfə verib. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməlidir prinsipi də məhz tarixi köklərə söykənir. Günümüzlə hələ də həmahəng olmayan "qərəzsizlik" prinsipinə əməl etməyən jurnalistlər durduqca mediaya inam, etimad da get-gedə öz dəyərini itirə bilər. Bunun baş verməməsi üçün jurnalistikamız atdığı hər addımda ehtiyatlı olmalı, verdiyi informasiyanın mənbəyinə istinad etməli, tərəfsiz və vicdanlı olmalıdır. Nə yazıqlar ki, bu meyarları heç də bütün jurnalistlər qoruya bilmir.
Son günlər havalar sərt keçir, gah şaxta olur, gah qar yağır, hərdən də günəş özünü göstərir. Bu, qış fəslinə xas olan əlamətlərdir. Təbii ki, hər birimiz ya işə gedəndə, ya da uzaq səfərə çıxanda öncə mətbuatda dərc olunan, televiziya kanallarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi proqnoza uyğun olaraq addımlar atırıq. Onu da qeyd etmək yerinə düşər ki, bu gün Azərbaycanda bu Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi proqnozlar rəsmi mənbə hesab olunur və əsas götürülür. Bu mənbədən kənardakılar isə ya münəccimlər, ya da falabaxanlardır.
Bu günlərdə tanınmayan sayt tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava haqqında rəsmi məlumatları təhrif edilib. Məlumatları öz bildikləri kimi təhrif etməkləri bir yana, sataşmaq istəyəndə isə: "Milli Hidrometeorologiya Departamentinin və yaxud ekoloqların verdiyi hava haqqında məlumat özünü doğrultmadı" yazırlar. Məsələn, əgər nazirlik yağıntılı olacaq, arabir qar yağacağı xəbərini verirsə, sözügedən sayt məlumata əsaslansa da, xəbərin içində "son 4 gündə nazirliyin Bakıda və Abşeronda qar olacağı barədə proqnozları hələlik özünü doğrutmadı"ğını qeyd edib. Görəsən bunu etməkdə saytın məqsədi nədir? KİV-in başlıca vəzifəsi insanlara düzgün və təhrif olunmamış məlumat verməkdir, öz də mənbəni düzgün göstərməklə. Dəfələrlə belə yanlış məlumatların qərəzli, şəxsiqərəzlik mövqeyindən çıxış edərək yayılması ilə rastlaşmışıq. Bu halın bir daha təkrarlanmaması üçün faktiki havanı həmin saytların diqqətinə çatdırırıq.
Göründüyü kimi Bakıda və Abşeron yarımadasında 10, 11 və 12 fevral tarixlərində qar yağıb, bu o demək deyil ki, qar yağırsa mütləq yerə oturmalıdı. Bu tarixlərdə qar əsasən səhər saatlarında yağıb, yəqin həmin saytların nümayəndələri həmin vaxt ya yatıblar, ya da içlərini boğan kindən gözləri tutulub. Davamlı olaraq qərəzliliklə məşğul olmaqla, əslində özlərinin əksiliyini nümayiş etdirən bu insanlar bununla şəxsi hisslərini idarə edə bilmədiklərini nümayiş etdirirlər.
Hamı yaxşı bilir ki, hava haqqında məlumat proqnoz xarakteri daşıyır və dünyanın heç bir yerində verilən proqnoz 100 faiz təsdiqini tapmır. Bu həm elmi, həm də praktik cəhətdən təsdiq olunmuş normativdir. Azərbaycanda da dəfələrlə həm nəzəri, həm də praktik cəhətdən təsdiqlənib ki, Milli Hidrometeorologiya Departamentinin açıqladığı proqnozlar 95-98 faiz təsdiqini tapır. Belə olan halda "milçək ürək bulandırır" ifadəsi yerinə düşür. Adı çəkdiyimiz sayt milçək funksiyasını yerinə yetirməklə məşğuldur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB