“British Council” və “PAŞA Bank” “Biznes Jurnalistikası” layihəsi çərçivəsində 60-dan çox jurnalisti bir araya toplayıb
"British Council" və "PAŞA Bank" "Biznes Jurnalistikası" layihəsinin 60-dan çox məzunu ilə görüş keçirilib. AZƏRTAC xəbər verir ki, "British Council" Azərbaycan üzrə direktoru Elizabet Vayt son altı il ərzində jurnalistika sahəsinin tamamilə dəyişdiyini deyib. Bildirib ki, onlayn xəbər axtarışında olan şəxslərin ehtiyac və maraqlarını qarşılamaq üçün jurnalistlər internet resurslarından istifadə edərək xəbəri və ya məlumatı yeni üsullar vasitəsilə çatdırmağın yollarını tapmalıdırlar.
"Biznes Jurnalistikası" layihəsi öyrənmək, inkişaf etmək arzusunda olan və yeni biliklər əldə etmək istəyən 60-dan çox jurnalistin iştirakı ilə həyata keçirilib. Biz bu layihəni "PAŞA Bank" və "Thomson" Fondu ilə əməkdaşlıqda uğurla həyata keçirdiyimiz üçün qürur duyuruq", - deyə E.Vayt bildirib.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Kerol Meri Krofts altı ildir keçirilən "Biznes Jurnalistikası" layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu layihə çox uğurlu olub və Azərbaycanın media sahəsinə öz töhfələrini verib.
"PAŞA Bank"ın təmsilçisi Sona Abbasova layihənin icrası çərçivəsində görülən işlərdən və qazanılan uğurlardan danışıb. Deyib ki, Azərbaycanda biznes sahəsində çalışan media nümayəndələri bu layihə çərçivəsində böyük təcrübə əldə ediblər.
"Biznes Jurnalistikası" üzrə təlimçi, "Thomson" Fondunun nümayəndəsi Dan Mason isə layihədə iştirakdan məmnunluğunu ifadə edib. O, layihə iştirakçılarının təlimlərdə qazandıqları bilik və təcrübələri öz fəaliyyətlərində uğurla tətbiq edəcəklərinə inamını bildirib.
Tədbirdə "Biznes Jurnalistikası" layihəsinin məzunları, qonaqlar və partnyorlar layihə barədə öz uğur hekayələrini bölüşüblər.
Məlumat verilib ki, "Biznes Jurnalistikası" layihəsi "British Council" və "PAŞA Bank" tərəfindən 2011-ci ildən həyata keçirilir. Bu müddət ərzində layihə çərçivəsində Azərbaycanın 30-dan çox media qurumlarını təmsil edən 60-dan çox jurnalisti xüsusi hazırlanmış proqram üzrə peşəkar media qabiliyyətləri və bacarıqları üzrə təlimlərdə iştirak edib. Təlimlər "Thomson" Fondunun peşəkar mütəxəssisi tərəfindən keçirilib. Proqramın iştirakçıları təlimlər zamanı xüsusi hazırlanmış biznes jurnalistikası kursunu keçmiş, eləcə də Birləşmiş Krallığa səfər çərçivəsində Birləşmiş Krallığın görkəmli jurnalistləri ilə görüşərək qabaqcıl media təşkilatlarına səfər edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB