Hicran Hüseynova Səudiyyə Ərəbistanında konfransda çıxış edib FOTOLAR
8-9 fevral 2017-ci il tarixində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin birinci Nazirlər Konfransı işinə başlayıb. Konfrans "İslam Əməkdaşlıq Təşkilatı dövlətlərində evlilik, ailə institutu və bu dəyərlərin qorunması" mövzusuna həsr olunub. Səudiyyə Ərəbistanı Əmək və Sosial İnkişaf Nazirliyinin insan hüquqları komitəsinin İƏT ilə birlikdə təşkil etdiyi konfransa quruma üzv 56 ölkədən nümayəndə heyəti iştirak edib. Tədbirin açılışında konfransın keçirilməsi ilə bağlı yaradılan Büronun sədri Səudiyyə Ərəbistanı Krallığı, sədr müavini isə Azərbaycan Respublikası seçilib.
Konfranda İslamda ailə dəyərlərinə münasibət, qadın hüquqlarının müdafiəsi, Ərəb, Asiya və Afrika ölkələrində ailə institutunun üzləşdiyi problemlər ətrafında müzakirələr aparılıb.
Konfranda Azərbaycan Respublikasını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edib. Komitə sədri çıxış edərək, ailə dəyərlərinin qorunması, gələcək nəsillərə ötürülməsi, ölkəmizdə ailəyə verilən qiymət və bu sahədə aparılan dövlət siyasəti haqqında məlumatları diqqətə çatdırıb. Komitənin mətbuat xidməıtindən SİA-ya verilən xəbərə görə, Hicran Hüseynova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ili ölkədə "İslam Həmrəyliyi ili" elan etdiyini qeyd edib və əlavə edib ki, paytaxt Bakının İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyi Azərbaycanın İslam dünyasının həmrəyliyinə verilən əhəmiyyətin bariz nümunəsidir.
Komitə sədri bildirib ki, hər bir xalqın öz ailə modeli vardır. Ailə üzvləri arasında səmimi əlaqələr, yaşlı nəslin nümayəndələrinə hörmət və valideyn-uşaq münasibətlərinin düzgün formalaşması Azərbaycan ailəsinin əsas dəyərlərindəndir. O, dövlət siyasətinin əsas istiqamətlərindən birinin ailə olduğunu qeyd edərək əlavə edib ki, bu gün ölkəmizdə gənc ailələrin, qaçqın və məcburi köçkün ailələrin sosial vəziyyətlərinin yaxşılaşdırılması prioritetlər siyahısındadır. Əsrlər boyu Azərbaycan ailə modelinin dəyərləri qorunub saxlanılır. Ailə institutuna ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı ilə yanaşıldığını qeyd edən Hicran Hüseynova bu istiqamətdə həyata keçirilən tədbirləri və imzalanan mühüm sənədləri, Qanunları, eyni zamanda "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası haqqında məlumatları diqqətə çatdırıb.
İslam dəyərlərinin və mədəniyyətlərarası dialoqun təşviqində Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfri Mehriban Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu vurğulayan Komitə sədri bildirib ki, Fond təhsil, səhiyyə, ailə və sosial məsələlər kimi sahələrdə kampaniyaların və layihələrin artırılması üçün böyük miqyaslı maarifləndirmə tədbirləri həyata keçirir.
Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən görülən işlər haqqında da danışaraq, hər il keçirilən Ailə Bayramları, Azərbaycan ailəsi film festivalı və digər layihələri qeyd edərək, ailə dəyərlərinin gənc nəslə aşılanması, ailə institutunun mühafizəsi istiqamətində reallaşan tədbirləri qeyd edib.
O təkliflərini irəli sürərək bildirib ki, kütləvi informasiya vasitələrində ailə dəyərləri, sağlam həyat tərzi daim təbliğ olunmalıdır. Qaçqın və məcburi köçkün ailələrin sosial problemlərinin həlli, onların cəmiyyətə inteqrasiyası, zorakılıq hallarının qarşısının alınması istiqamətində birgə proqramlar hazırlanmalıdır. Komitə sədri çıxışının yekununda iştirakçılara müraciət edərək bildirib: "Hər bir ailənin xoşbəxtliyi, hər uşağın xoşbəxtliyidir" loqosu altında bütün səylərimizi birləşdirməliyik.
Konfransda ailə problemləri üzrə nazirlər, komitə sədrləri, hökumət üzvləri, beynəlxalq və regional təşkilatların nümayəndələri İƏT-ə üzv ölkələrdə nikah və ailə institutunun gücləndirilməsi, dəyərlərin qorunması sahəsində göstərilən cəhdlər, davamlı inkişafın hədəflərinin həyata keçirilməsində ailənin rolu, qadına qarşı zorakılıq halları ilə mübarizə və digər məsələləri müzakirə ediblər.
Konfrans çərçivəsində Komitə sədri Hicran Hüseynova İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yousef bin Ahmed Al-Othaimeen və Səudiyyə Ərəbistanı Krallığının Əmək və Sosial İnkişaf naziri Ali bin Nasser al Ghafis ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycanla əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib və təcrübə mübadiləsi aparılıb. Eyni zamanda Mərakeş Krallığı, Türkiyə Respublikası, Əfqanıstan İslam Respublikası dövlətlərinin də ailə, qadın və uşaq məsələləri üzrə müvafiq nazirləri ilə görüşlər baş tutub.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB