Ağgöl Milli Parkı haqqında yalan xəbərlər yayan saytlar barəsində hüquqi müstəvidə araşdırma aparılacaq
Son günlər Ağgöl Milli Parkında mühafizə sisteminin zəif olması səbəbindən Parkın ərazisində qanunsuzluqların baş verməsi, brakonyerlik haqqında xəbərlər yayılıb. SİA-nın verdiyi məlumata görə, məsələni yerində araşdırmaq üçün aznews.az-un əməkdaşı Ağgöl Milli Parkında olub. Məlum olub ki, bu ərazidə nəinki brakonyerlik yoxdur, mühafizə sistemi də güclü şəkildə qorunur.
Azərbaycanın ən məşhur çöl-göl ekosistemi, köçəri və yerli quşların, o cümlədən digər heyvanların məskunlaşdığı ərazilərdən biri Ağgöl Dövlət Təbiət Yasaqlığı 1964-cü ildə 9173 hektar sahədə yaradılıb. 1978-ci ilin martın 2-də gölün 4400 hektara bərabər olan su ərazisinə ciddi qorunma statusu verilib və Ağgöl Dövlət Təbiət Qoruğu yaradılıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2003-cü ildə Ağ Göl Milli Park elan edilib. Ağgöl Milli Parkının yaradılmasının əsas məqsədi mühüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, ərazi üçün xarakterik olan bəzi fauna növlərini keçmiş ərazilərinə reintroduksiya etmək, eləcə də ətraf mühitin monitorinqini, əhalinin ekoloji cəhətdən maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir.
Ağgöl Milli Parkında bitki növlərindən əsasən duzlaq çoğanı, qışotu, qamış, şahsevdi, sarıbaş, qaraşoran, yovşan, qırtıc və s. yayılıb. Burada suda-quruda yaşayan heyvanlardan yaşıl quru qurbağası, kiçik Asiya qurbağası və göl qurbağasına rast gəlinir. Ərazidə sürünənlərdən Aralıq dənizi tısbağası, Xəzər tısbağası, koramal, zolaqlı kərtənkələ, adi su ilanı, qızıl təlxə, xaltalı eyrenis, gürzə və s. növlər yayılıb.
Ağgöl Milli Parkında quşlardan mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabattaqlar, harayçı, fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, sultan toyuğu, ərsindimdik, qıvrımlələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar (boz, qaşqa və qırmızıdöş) və s. məskunlaşıb. Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir. Qamışlıqlarda isə heyrətamiz qamış pişiyinin güclü populyasiyasına təsadüf olunur.
Ağgöl Milli Parkı Azərbaycanda xüsusi mühafizə olun 9 parkdan biridir.

Milli parkın rəhbəri Loğman Mehdiyev bildirdi ki, tarixən bu ərazilərdə ceyranlar yaşayıb və antropogen təsirlərdən kökü kəsilib. XX əsrin ortalarından etibarən ümumiyyətlə bu ərazilərdə ceyran qeydə alınmayıb. Lakin 2010-cu ildən başlayaraq müxtəlif dövrlərdə Ağ göl milli parkı ərazisinə 24 baş ceyran buraxılıb. Təşkil olunan münbit şərait və ciddi mühafizə tədbirləri onların sayının 54 başa çatmasına səbəb olub. Maraqlı məqamlardan biri də odur ki, bu yaxınlarda Mərdəkan sakini Təvəkkül Hüseynov ona məxsus şəxsi həyətyanı sahəsində saxladığı 8 baş ceyranı könüllü olaraq Nazirliyə təhvil verib, həmin 8 baş ceyran parka gətirilib və ceyranların sayı 62 başa kimi yüksəlib.
Loğman Mehdiyev Parkdakı canlıların mühafizə olunması ilə bağlı əvvəllər müəyyən problemlər yarandığını da bildirdi: "Erməni işğalçılarının torpaqlarımızı ələ keçirməsi nəticəsində Laçın rayonundan olan məcburi köçkünlər Ağ göl milli parkı ilə həmsərhəd ərazidə məskunlaşmışdılar. Onların əsas məşğuliyyət sahəsinin heyvandarlıq olması buranın mühafizə olunmasında müəyyən çətinliklər törədirdi. Lakin sonradan əhalinin maarifləndirilməsi prosesinin həyata keçirilməsi nəticəsində artıq həmin sakinlər də bu işdə yaxından iştirak edirlər. Milli parkın mühafizəsini əsasnaməyə uyğun olaraq təyin olunan mühafizəçilər həyata keçirir. Parkın sərhədboyu müxtəlif ərazilərində növbəylə 24 saat fəaliyyət göstərən beş post yerləşir. Lazım gəldikdə mühafizəyə bütün əməkdaşlar cəlb olunur".

Loğman Mehdiyev milli parkda son ildə müəyyən olunan qanun pozuntuları haqqında da bəzi məqamlara toxundu: "2016-cı ildə milli parkda 16500 manat civarında cərimə tətbiq olunan 16 qanun pozuntusu aşkar olunub. Bundan əlavə əsasən İraq və Suriyadan olan 9 xarici vətəndaşın ova təşəbbüs göstərməsi mühafizə işçiləri tərəfindən vaxtında müəyyən edilib. Onların hər birinə 2000 manat olmaqla ümumilikdə 18000 manat cərimə tətbiq olunub".
Loğman Mehdiyevin sözlərinə görə, Ağgöl Milli Parkında mühafizə sisteminin zəif olması və brakonyerlik haqqında xəbərlər yayan saytlar barəsində hüquqi müstəvidə araşdırma aparılacaq: "Artıq belə yalan xəbərlər yayan "afn.az" saytı ilə bağlı prokurorluq araşdırma aparır".
Mətbuatda yalan məlumatlar dərc edərək yayan media nümayəndələrinin adına "qara ləkə" olan həmin şəxslərin öz sıralarımızdan təcrid olunması üçün çalışmalıyıq. Çünki əsası olmayan xəbərlər və şayiələrlə ictimaiyyətin fikrini yanlış istiqamətə yönləndirən şəxslərin sayəsində əhali təbiətin mühafizəsi sahəsində görülən işlərdən və onların uğurlu nəticələrindən xəbərsiz qalır. Jurnalistlər Milli Parkda qurulan infrastruktur və həyata keçirilən tədbirlər nəticəsində Ağgöl Milli Parkının ərazisində məskunlaşan heyvan və quşların təhlükəsiz yaşamının təmin edilməsinə tam əmin oldular.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB