Bəzi insanlar niyə ixtisaslarına uyğun olmayan işlərdə çalışır? EKSPERT RƏYİ

Bəzi insanlar niyə ixtisaslarına uyğun olmayan işlərdə çalışır? EKSPERT RƏYİ

"Bəzi gənclərimiz və ümumiyyətlə bir çox insanlar öz ixtisaslarına uyğun olmayan işlərdə çalışırlar. Bunun səbəbi isə təəssüf ki, ali məktəblərə qəbul imtahanları zamanı abituriyentlərin yalnız topladığı bala uyğun təhsil müəssisəsi və sahəsinə yönəldilməsidir. Çox vaxt abituriyent istəmədiyi və ya baza biliyi mükəmməl olmadığı ixtisas üzrə ali təhsil almaq məcburiyyətində qalır. Nəticədə isə, o məzun həmin ixtisas üzrə bilik keyfiyyəti aşağı olan diplomlu şəxsə çevrilir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət deyib.

O qeyd edib ki, məsələnin digər tərəfi gənclərin ixtisas seçimindən çox, mütləq ali təhsil almaq barədə düşünmələridir: "Bəzi gənclər əllərində yalnız ali təhsil haqqında sənədin olmasına üstünlük verirlər. Ona görə, ballarının çatdığı hər hansı ixtisası seçərək həmin sahə üzrə ali təhsil alırlar. Məsələn, həkim sənətini ürəkdən sevən bir gənc, topladığı balına uyğun olaraq biologiya müəllimliyi oxumalı olur. Sonda isə o, öz ixtisasına uyğun deyil, başqa bir işdə çalışır. Bu isə işdə keyfiyyətin azalmasına gətirib çıxarır. Hər hansı şəxsin müəssisə və idarələrdə ixtisasına uyğun olmayan işlərdə çalışması həmin qurumların gördüyü işlərin keyfiyyətinə təsir edir".

Bütün xəbərlər Facebook səhifəmizdə