Azərbaycanla Qazaxıstan əməkdaşlığı genişləndirəcək FOTO

Xəzər regionunun geoloji tərkibi ilə bağlı xəritənin hazırlanmasında azərbaycanlı mütəxəssislərə ehtiyac var
Azərbaycanla Qazaxıstan əməkdaşlığı genişləndirəcək  FOTO

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov və Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Geologiya və Yeraltı Sərvətlərin İstifadəsi Komitəsinin sədri Bazarbay Nurabayev arasında görüş keçirilib. SİA-nın Qazaxıstan və Orta Asiya bürosunun verdiyi məlumata görə, görüşdə Azərbaycan və Qazaxıstan arasında geologiya sahəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb və bu əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Səfir Xəzər dənizinin ölkələrimizi ayıran deyil, əksinə birləşdirən dəniz olduğunu qeyd edərək, keçmiş SSRİ dövrində Qazaxıstanın neft yataqlarının kəşfiyyatı, hasılatı və ümumiyyətlə, neft sənayesinin qurulması və inkişafında azərbaycanlı mütəxəssislərin verdikləri töhfədən danışıb. Qarşı tərəf səfirin fikirlərinə razılıq ifadə edərək, geologiya sahəsində Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirib və Xəzər regionunun geoloji tərkibi ilə bağlı xəritənin hazırlanmasında azərbaycanlı mütəxəssislərin təcrübəsindən faydalanmağın vacibliyini vurğulayıb.

Görüşdə səfir Bazarbay Nurabayevi Azərbaycana səfər etməyə dəvət edib və qarşı tərəf dəvəti məmnuniyyətlə qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə