"Onlar heç vaxt unudulmayacaqlar!" Rövşən Ağamalıyev

"Onlar heç vaxt unudulmayacaqlar!" Rövşən Ağamalıyev

"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində şəhid əsgər Qurbanov Çingiz Salman oğlunun nəşinin geri qaytarılması, əlbəttə, Azərbaycan Prezidentinin siyasi iradəsinin məntiqi nəticəsidir". Bunu SİA-ya açıqlamasında "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Rövşən Ağamalıyev deyib.

QHT sədri bildirib ki, ermənilərin, xüsusən də rəsmi İrəvanın şəhidimizin nəşindən siyasi alver etmək cəhdi çox uğursuz alındı: "Sarkisyan meyitin geri qaytarılması qarşılığında Azərbaycandan bir sıra bəyanatlar verməsini şərt kimi irəli sürmüşdü. Amma Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin bu istiqamətdə atdığı addımlar erməniləri əvvəlcə irəli sürdükləri şərtlərdən geri çəkilməyə vadar etdi. Əslində ermənilər çirkin oyunun içində olduqlarının fərqindədirlər. Onlara beynəlxalq çərçivədə etibar, inam getdikcə azalır. Təbii ki, burada Azərbaycanın göstərdiyi fəaliyyəti unutmaq lazım deyil. Əgər ölkəmiz fəaliyyətsiz olsaydı əsgərimizin nəşini geri qaytarmazdılar. Ermənilərdən fərqli olaraq Azərbaycan öz şəhidinə sahib çıxdı, onu düşmən əlindəndən alıb canından çox sevdiyi Vətəninə qovuşdurdu".

R.Ağamalıyev şəhidin qarşılanma mərasiminin yüksək səviyyədə təşkil olunduğundan da danışıb: "Bu gün gənclərə vətənpərvərlik hissinin aşılamaq, onlara Vətəni sevməyi öyrətmək vacib amillərdəndir. Qəhrəmana, şəhidə, müharibə iştirakçısına hörmət etmək, ailələrinə qayğı göstərmək, onlara bu və ya digər məsələlərdə yardım etmək hər birimizin ümdə vəzifəsi olmalıdır. Şəhidi təkcə doğulduğu el-oba yox, bütün Azərbaycan qarşıladı. Hiyə də olmasın, axı, şəhidlər bizim üçün, doğma Vətəni üçün canını fəda edib. Onlar heç vaxt unudulmayacaqlar!".

Bütün xəbərlər Facebook səhifəmizdə