Parklanma yerlərini mənimsəyənlər cərimələnəcək DİQQƏT-REPORTAJ

Parklanma yerlərini mənimsəyənlər cərimələnəcək DİQQƏT-REPORTAJ

Xəbər verdiyimiz kimi, avtomobillərin parklanması qaydalarına dəyişikliklər edilib. Dəyişikliklər parklanma yerlərində qaydaların pozulmasının qarşısını almaq üçün tətbiq olunub. Belə ki, parklanma yerlərindən ödəniş etmədən gedən, avtomobilini göstərilmiş tələbə uyğun park etməyən, parkinq yerlərini hər hansı əşyalarla məşğul edən, yük avtomobillərini minik avtomobillərinin yerlərində saxlayan və digər qanunla göstərilmiş qaydaları pozanlar cərimələnəcəklər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov SİA-ya açıqlamasında bildirib ki, sürücülərin parklanma yerlərində çəkilən xətlər və nişanların tələblərinə əməl etmələri vacib haldır: "Parkinq yerlərində xətlər səkiyə paralel və ya bucaq altında çəkilə bilər. Bucağın dərəcəsi isə səkinin konfiqurasiyasından asılıdır. Orada qoyulan nişanlarla avtomobilin arxası və ya önünün səkiyə tərəf olması, yaxud qismən səkiyə çıxmaqla parklanma qaydası göstərilə bilər. Həmin nişan və xətlərlə göstərilən üsulların pozulması parklanma qaydalarının pozulmasıdır ki, belə pozuntulara görə sürücülər 10 manat cərimələnəcəklər".

O qeyd edib ki, qanuna görə, parklanma yerlərində çəkisi 3,5 tondan çox olan istənilən yük avtomobilinin dayanması qadağandır: "Ancaq minik avtomobillərinin bazasında hazırlanan yük

avtomobili olan "pickup"lar istisnadır. Fikrimcə, QAZEL markalı avtomobillərin də həmin yerlərdə parklanmasına qadağa qoyulmalıdır. Çünki QAZEL-in çəkisi 3,5 tondur. Orada QAZEL park edilsə, yaxşı mənzərə yaranmayacaq. Yük avtomobillləri ilə yanaşı, avtobusların da həmin parklanma yerlərində dayanması qadağan olunmalıdır. Təsəvvür edin ki, şəhərdə olan 4 qapılı avtobus minik avtomobilinin yerində park edilib".

Ekspert əlavə edib ki, qanunda parklanma yerini mənimsəyən, həmin yerə əşya qoyanların da cərimələnməsi nəzərdə tutulur.

Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı dayanma və durma qaydalarının pozulması ilə parklanma yerlərində qaydaların pozulmasının fərqli olduğunu vurğulayıb: "Sürücü avtomobilini qadağanedici nişanın təsir zonasında park edibsə, ikinci zolaqda saxlayıbsa və ya bu kimi qayda pozuntuları törədibsə, o, dayanma və durma qaydalarını pozub. Həmin sürücü 20 manat məbləğində cərimə edilir. Ancaq parkinq daxilində müəyyən olunmuş qaydaları pozanlar isə pozuntulardan asılı olaraq, qanun çərçivəsində 10 və ya 20 manat cərimələnəcəklər. Bu qaydalar dünyanın əksər ölkələrində tətbiq edilir.

Məsələn, səkiyə paralel müəyyən edilmiş parklanma yerlərində avtomobillər yalnız bir cərgə ilə ard-arda düzülməlidir. Hansısa sürücü avtomobilini bucaq altında saxlasa, digərləri oradan çıxa bilməyəcəklər. Yaxud paralel parklanmada bir maşının yerinə kimsə iki maşın yerləşdirir. Bunu adətən parkinqlərin nəzarətçiləri daha çox qazanc əldə etmək məqsədilə edirlər. Amma nəzərə almaq lazımdır ki, müasir avtomobillərin ölçüsü uzundur. Dar yollarda bucaq altında parklanan avtomobillər yolun bir hərəkət zolağını tamamilə tutur. Bu isə tıxac və sıxlığa səbəb olur".

O, çəkisi 3,5 tondan çox olan yük avtomobillərinin də parkinqlərdə dayanmasının qadağan edildiyini, parklanma yerinə yeşik, taxta, daş, dəmir parçası və ya başqa əşyalar qoyub yeri rezervasiya edənlərin, ödəniş etmədən parkinqdən gedənlərin də cərimələnəcəyini vurğulayıb.

Xatırladaq ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklərə əsasən, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə 10 manat məbləğində cərimə edilir.

Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə 10 manat məbləğində cərimə edilir.

Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə 10 manat məbləğində cərimə edilir.

Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə 10 manat məbləğində cərimə edilir.

Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə 20 manat məbləğində cərimə edilir.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə