Naxçıvanda 3 mindən çox işsiz vətəndaş işlə təmin olunub

Naxçıvanda 3 mindən çox işsiz vətəndaş işlə təmin olunub

"2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın icrası ilə bağlı tədbirlər çərçivəsində bu günədək Naxçıvanda 3 mindən çox işsiz vətəndaş işlə təmin olunub.

AZƏRTAC xəbər verir k, muxtar respublikada 2842 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 27 nəfər kvota yerlərinə, 366 nəfər müvəqqəti və mövsümi işlərə göndərilib, 277 nəfər haqqıödənilən ictimai işə cəlb olunub.

Muxtar respublikanın Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Elmar Eyvazov qeyd edib ki, işlə təmin edilənlərdən 111-i məhdud fiziki imkanlı şəxs, 8-i cəzaçəkmə müəssəsindən azad edilən, 33-ü hərbi xidmətdən yeni tərxis olunan, 105-i isə aztəminatlı ailələrin əmək qabiliyyətli üzvləridir.

Əmək bazarının tələbinə müvafiq olaraq işaxtaranların peşə hazırlığının təşkili üzrə də işlər davam etdirilib. Naxçıvan Regional Peşə Tədris Mərkəzində, ümumilikdə, 413 nəfərin cəlb edildiyi 22 peşə kursu və 93 nəfərin cəlb edildiyi 6 ixtisasartırma kursu təşkil olunub. Məhdud fiziki imkanlıların da məşğulluğunun təmin olunmasına diqqət artıb.

Elmar Eyvazov bildirib ki, məhdud fiziki imkanlı 23 şəxs tərəfindən toxunan 3 min cüt yun corab və 700 yun şarf hərbi hissələrə təhvil verilib. "Ənənəni qoruyaq, evdə xalça toxuyaq" adlı sosialyönümlü haqqı ödənilən ictimai işə 11 nəfər xalça toxuyan evdar qadın cəlb edilib. Onlar tərəfindən toxunan xalçalar təhvil alınıb, Heydər Əliyev Sarayında təşkil olunan sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışda nümayiş etdirilib. Fərdi təsərrüfatlarını inkişaf etdirmək üçün 2 aztəminatlı ailəyə kömək göstərilib.

Qeyd edək ki, əhalinin məşğulluq imkanlarının artması, həmçinin aztəminatlı ailələrin əmək qabiliyyətli üzvünün münasib işlə təmin olunması nəticəsində ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı əvvəlki illərlə müqayisədə azalıb. Məşğulluq xidməti orqanlarında vətəndaşlara işsizlik statusunun və işsizlik müavinətinin verilməsi halı qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə