FHN-də Gənclər Günü münasibətilə tədbir keçirilib

FHN-də Gənclər Günü münasibətilə tədbir keçirilib

2 fevral 2017-cı il tarixində Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavinləri tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, nazirliyin əməkdaşları iştirak ediblər.

Tədbiri açan FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq 2 fevralın Gənclər Günü kimi qeyd edildiyindən, gənc nəslə göstərilən yüksək dövlət qayğısından bəhs edib.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev FHN rəhbərliyi adından gəncləri təbrik edib, vurğulayıb ki, Azərbaycanda gənclər siyasətinin banisi ulu öndər Heydər Əliyevin gənc kadrların yetişdirilməsində əvəzsiz xidmətləri olub. Bu siyasəti davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərə xüsusi diqqət göstərir. Xarici ölkələrdəki 200-dən artıq ali məktəbdə Azərbaycan gəncləri təhsil alır və bu gənclər təhsillərini başa vurduqdan sonra ölkəmizə fayda verəcəklər. Nazir müavini qeyd etmişdir ki, Azərbaycan dövlətinin bu mütərəqqi siyasi xəttinə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyində gənclərin sosial problemlərinin həlli, onların vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev ölkədə gənclər siyasətinin formalaşdırılmasında ulu öndərin misilsiz rolu olduğunu, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün zamanlarda gənclərə xüsusi önəm verildiyini bildirmişdir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsində Gənclər və İdman Nazirliyi yaradılıb, Azərbaycan gənclərinin I forumu keçirilib, gənclər siyasəti sahəsində böyük uğurlar qazanılıb. Gənclər siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxışında Azərbaycanın bu gün keçdiyi inkişaf mərhələsində gənclərin xüsusi dəstəyinə ehtiyac olduğunu söyləyib, bu gün Azərbaycan gənclərinin qayğısız böyüməsi, təhsili və əmək fəaliyyəti üçün Azərbaycan dövləti tərəfindən hər cür şərait yaradıldığını qeyd edib.

Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin vəzifə borcunu layiqincə yerinə yetirərək xüsusi fərqlənmiş gənc əməkdaşlarına fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə