"Yeniyetmələri tütünə meylləndirən ilk səbəb qadağadır" MÜTƏXƏSSİS RƏYİ

"Yeniyetmələri tütünə meylləndirən ilk səbəb qadağadır" MÜTƏXƏSSİS RƏYİ

Ümumdünya Səhiyyə Təşkilatının xüsusi metodologiyası əsasında ötən il ərzində keçirilən araşdırmanın nəticələrinə görə, hazırda Azərbaycanda 13-15 yaşlı uşaqların 7,3 faizi bu və ya digər formada tütün məmulatından istifadə edirlər. Bəs bu yaşda yeniyetmələri zərərli vərdişlərdən biri olan siqarət çəkməyə meylləndirən səbəblər nədir?

Məsələ ilə bağlı SİA-ya açıqlama verən Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova bildirib ki, yeniyetmələrin tütün məmulatlarına sövq edən ilk amil böyüklər tərəfindən qoyulan qadağalardır: "Bütün ailələrdə valideynlər uşaqlarına zərərli vərdişləri, xüusilə də siqaret çəkməyi qadağan edir. Belə olan halda, yeniyetmələrdə sual yaranır niyə siqaret çəkməyək, görəsən siqaret çəkəndə nə baş verir? Qadağan olunan meyvə hər zaman şirin olduğu kimi yeniyetmələr də qadağalarla rastlaşdıqda onu dadıb, təsirlərini öyrənməyə meyl edirlər".

Psixoloqun sözlərinə görə, yeniyetmələri belə vərdişə meylləndirən ikinci səbəb ailədaxili problemlərdir: "Əgər evdə hansısa hadisə baş veribsə, müəyyən problemlər varsa, yeniyetmələr düşünür ki, siqaret çəkməklə həmin vəziyyətdən bir neçə dəqiqəlik də olsa uzaq düşə bilərlər. Əsasən də evdə ata və ya böyük qardaş tütün məmulatından istifadə edirsə, belə uşaqlarda meyllənmə daha çox olur. Balacalar çox vaxt böyükləri təlqin etməyə çalışırlar. Bəzən azyaşlıların sanki siqaret çəkirmiş kimi jestlər etdiyini də görmək mümkündür".

E. Eminova vurğulayıb ki, əgər ailələrdə ata-ana arasında alyans pozğunluğu varsa, onlar arasında tez-tez mübahisələr olursa, o zaman belə ailələrdə böyüyən yeniyetmələr bir çox hallarda təhsildən sonra müəyyən mühitə düşərək tütün məmulatlarından istifadə etməyə maraqlı olurlar: "Bu cür halların qarşısını almaq üçün təhsil müəssisələrində reklam çarxlarının yayımlanması, maarifləndirici tədbirlərin, seminarların keçirilməsi vacibdir. Mütəxəssislər tərəfindən tütün məmulatların fəsadlarına dair fikirlər rolik şəklində yeniyetmələrə çatdırılsa, o zaman bu onların psixologiyasına daha tez təsir edə və onları bu vərdişlərdən uzaqlaşdıra bilər. Bu, təhsildə təşkilatçıların üzərinə düşən vəzifədir. Bundan başqa ailədə valideyn-övlad arasında maarifləndirici söhbətlər aparılmalıdır. Bununla bağlı sosial şəbəkələrdə görünütülər yer alıb ki, valideynlər onlardan istifadə etməklə övladlarına zərərli vərdişlərin ziyanlarını aşılaya bilərlər. Bu da təbii ki, yeniyetmələrin şüuraltına təsir etmək imkanlarından biridir. Bundan əlavə, evdə tütün məmulatlarından istifadə edən böyüklərə uşaqların gözü qarşısında siqaret çəkməmək tövsiyə olunur".

Məlumat üçün nəzərinizə çatdıraq ki, 13-15 yaşlıların 28,8 faizi evdə, 40,8 faizi isə qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalırlar. Siqaret çəkməyənlərin 8 faizi növbəti il ərzində siqaret çəkməyə başlaya bilər. Siqaret çəkən yeniyetmələrin 19 faizi elə hesab edir ki, siqaret çəkənin daha çox dostu olur, 29,2 faizi isə elə fikirləşir ki, siqaret çəkənlər daha çəlbedici görünür.

Bütün xəbərlər Facebook səhifəmizdə