250-yə yaxın mexanizatorun sürücülük vəsiqəsi dəyişdirilib

250-yə yaxın mexanizatorun sürücülük vəsiqəsi dəyişdirilib

Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin Bərdədə təşkil etdiyi səyyar xidmət zamanı Ağcabədi, Ağdam, Bərdə, Tərtər və Laçından olan 250-yə yaxın mexanizatorun vaxtı keçmiş sürücülük vəsiqələri dəyişdirilib.

Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi Ağakişi Alıyev AZƏRTAC-a bildirib ki, Müfəttişlikdə avtomatlaşdırılmış informasiya sistemi yaradılıb. Bütün növ kənd təsərrüfatı texnikalarının qeydiyyatı, texniki baxışın aparılması, ipoteka yüklülüyü, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün nəzəri imtahanların keçirilməsi, sürücülük vəsiqəsinin verilməsi və sair əməliyyatlar elektron qaydada aparılır.

Müfəttişlikdə yeni nümunə sürücülük vəsiqəsinin təsdiq olunması ilə əlaqədar vəsiqələrin kütləvi dəyişdirilməsi kampaniyasına başlanılıb. Bu məqsədlə kənd təsərrüfatı texnikalarını idarə etmək üçün respublikanın 12 regionunda imtahan-qeydiyyat məntəqələri yaradılıb. İmtahan-qeydiyyat məntəqələrində sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi prosesi həyata keçirilir. Həmçinin səyyar xidmət qrupu da yaradılıb. Səyyar xidmət qrupu regionlarda müntəzəm olaraq sürücülük vəsiqələrinin dəyişdirilməsini və texnikaların dövlət qeydiyyatına alınmasını təmin edir.

Xidmət qrupu vasitəsilə 2016-cı ildə 3 mindən çox mexanizatora yeni sürücülük vəsiqəsi verilib. Kütləvi sürücülük vəsiqəsinin dəyişdirilməsi və texnikaların dövlət qeydiyyatına alınması kampaniyası respublikanın bütün rayonlarını əhatə etməklə müntəzəm olaraq aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə