"Artıq sərhədi keçmədən avtomobillərin qeydiyyat müddəti uzadılacaq" EKSPERT RƏYİ
"Fiziki şəxslər tərəfindən Azərbaycana müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidmətinin "ASAN xidmət" mərkəzlərində həyata keçirilməsi ilə xarici ölkədən ölkəmizə müəyyən iş üçün gələn avtomobillərin yenidən müddətinin uzadılması üçün sərhəd keçməsinə ehtiyac qalmayacaq". Bunu SİA-ya açıqlamasında Yol hərəkatı üzrə ekspert Ərşad Hüseynov deyib.
"Ölkəmizə müvəqqəti gələn avtomobillər o deməkdir ki, həmin avtomobillər xaricdə daimi qeydiyyatda qalır, sadəcə olaraq onu ya azərbaycanlı və ya əcnəbi Azərbaycana gətirərkən sərhədi keçdikdə onun sənədlərinə uyğun olaraq 1 aydan 1 il müddətinə ölkəmizdə qalmaq imkanı verilir. Həmin şəxslər ən azı 1 ay ən çoxu da 1 il müddətində avtomobili ilə birgə ölkəni tərk etməlidirlər.
Bəzən elə hal olur ki, ölkəmizə az müddətinə gələn əcnəbi və ya həmyerlimizin burada işi uzanır və o qeydiyyat müddətini uzatmalıdır. Amma o gələrkən ona kgömrükdən 2 aylıq zaman verildiyi üçün indiki qanunvericiliyə görə, həmin şəxs avtomobili ilə birgə hansısa sərhəd məntəqəsindən keçib yenidən geri qayıtmalıdır. Amma yeni xidmət əsasında buna ehtiyac qalmayacaq. Qeydiyyat müddətini uzatmaq istəyən şəxslər artıq "Asan xidmət" mərkəzlərinə müraciət etməklə həm özünün həm də avtomobilinin icazə müddətini uzada biləcəklər. Bu da o deməkdir ki, Azərbaycana müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin sərhədi keçmədən qeydiyyat müddətini uzatmaq mümkün olacaq"- deyə, ekspert qeyd edib.
Ə. Hüseynov əlavə edib ki, Nazirlər Kabinetinin gömrük qaydalarına əsasən istənilən halda belə avtomobillərin qeydiyyat müddəti maksimum 1 ilə qədər uzadıla bilər.
Məlumat üçün nəzərinizə çatdıraq ki, 6 yanvar 2017-ci il tarixdən etibarən şəxslər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən "Fiziki şəxslər tərəfindən müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidməti" üçün bütün "ASAN xidmət" mərkəzlərinə (Masallı regional "ASAN xidmət" mərkəzi istisna olmaqla) müraciət edə bilərlər.
Qeyd edək ki, şəxs ölkəyə müvəqqəti gətirilmiş avtonəqliyyat vasitəsinin ölkədə qalma müddətinin bitməsinə ən azı 1 gün qalmış müddətin uzadılması üçün müraciət etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB