İnsanlar niyə intihar edir? ARAŞDIRMA!

"Dünyada intihar edənlərin 63 faizi kişilər, 37 faizi isə qadınlardır"
İnsanlar niyə intihar edir? ARAŞDIRMA!

Bu gün qeydə alınan fakt ondan ibarətdir ki, dünyada intihar halları artmaqdadır. Təsadüfi deyil ki, Dünya Psixiatriya Assosiasiyası XXI əsri "depressiya və intiharlar əsri" adlandırıb. Təşkilat 2020-ci ildə intiharların sayının 500 minə qədər artacağını proqnozlaşdırıb. Ümumdünya Səhiyyə Təşkilatının apardığı tədqiqatlara görə, hər il təxminən 60 milyon insan intihara cəhd edir. Nəticədə, hər il 800 min insan həyatını itirir. Onlardan 63 faizi kişilər, 37 faizi isə qadınlardır. İnsanlar niyə intihar edirlər? Psixi xəstəliklər, sosial, psixoloji, bioloji səbəblər, genetik yaxınlıq, fiziki xəstəliklər intiharın əsas səbəbləridir. Depressiya, şizofreniya (intihar edənlərin 10%-də şizofreniya müşahidə olunur), spirtli içkilərdən istifadə, narkotik maddələrdən asılılıq, şəxsiyyət pozuntusu, yüksək həyəcanlılıq, sosial səbəblər, ailə bağları zəifliyi intihara səbəb olan psixi problemlər sırasındadır. Maraqlıdır ki, əvvəllər intihar edən insanlar bunun səbəblərini yazılı şəkildə bildirirdilər. Yəni ölümündən sonra onun cibindən, çantasından məktub tapılırdı, intiharın hansı səbəbdən baş verdiyi hər kəs üçün aydınlaşırdı. Bu gün isə intihar edənlərin əksəriyyəti bunu sirr kimi saxlayır, intihar səbəblərini açıqlamır. Bəs bir insanın intihara hazırlaşdığı necə hiss edilir? Bunu ifadə etmənin hansı yolları var? İntiharların çoxunda bu aksiyadan öncə xəbərdarlıq xarakterli bəzi əlamətlər özünü göstərir.

"Avropa ölkələri- İsveçrə, Macarıstan, Finlandiya, Norveç intihar hallarına görə dünyada ilk sırada durur"

İntihar hallarının artmasını daha çox sosial problemlərlərlə əlaqələndirmək doğru deyil. Çünki bu gün dünyanın "ən xoşbəxt ölkələri" sırasına daxil olan dövlətlərdə intihar halları pik həddədir. Azərbaycanın baş psixiatrı Gəray Gəraybəyli Azərbaycanda baş verən intihar hallarını

daha çox sosial problemlərlə əlaqəndirənlərə bu cavabı vermişdi: "Skandinaviya ölkələri və İsveçrə dünyanın inkişaf etmiş ölkələri sırasında olsalar da, bu ölkələr intiharların sayına görə ilk sırada durur. Bu ölkələrdə intiharlar Azərbaycanla müqayisədə 10 dəfədən artıqdır. Hər bir yaş qrupunda intiharların baş verməsi müxtəlif səbəblərlə əlaqədardır. Uşaqlarda, yeniyetmələrdə, gönclərdə və yaşlılarda intiharların səbəbləri və realizə formaları müxtəlifdir. Cavan yaşlarda bir çox emosional problemlər intihara səbəb olur. Bu, xüsusən də, ailə-sevgi münasibətləri zəminində yaranan problemlər zamanı müşahidə olunur. Bu səbəblər yaşlılara xas deyil. Yaşlı insanlar üçün daha çox tənhalıq, ağır somatik xəstəliklər, maddi problemlər xarakterikdir".

Fransız psixoloqu Emil Dürkheym intihar hallarının artması ilə bağlı məsələlərə aydınlıq gətirir, bunun müxtəlif komponentlərini müəyyənləşdirib. Məsələ bundadır ki, onun da təcrübələri daha çox intihar hallarının baş verdiyi Avropa ölkələrində, xüsusilə, Macarıstanda və Skandinaviya ölkələrində aparılıb. Litvada hər yüz min nəfərdən 45-i, Rusiyada 40-ı, Qazaxıstanda 35-i, Macarıstanda 30-u, Latviya və Sloveniyada 28-i, Ukraynada isə 25-i intihar edərək, həyatlarına son verir. Zəhər içmək, odlu silahla özünə qəsd etmək və asmaq, yüksək mərtəbəli binadan özünü yerə tullamaq ən geniş yayılan intihar üsullarıdır. İtaliyanın ANSA xəbər agentliyinin yaydığı məlumatda deyilirdi: "Turin şəhərinin sakinlərindən biri kommunal xərclərini ödəyə bilmədiyini görüb, intihara cəhd edərək özünü Po çayına atmışdır. Son zamanlar İtaliyada iqtisadiyyatının böhranla üz-üzə qalması ölkədə intihar hallarının sayını artırmışdır. Bu həftənin əvvəllərində İtaliyanın şimalında yerləşən Viçenza şəhərinin daşınmaz əmlak məsələləri üzrə məsul şəxsi borclarını ödəyə bilməyəcəyini görüb, özünü asaraq intihar etmişdir. İntihar halları təkcə İtaliyada deyil, bütün Avropa dövlətlərində nəzərə çarpacaq dərəcədə artmışdır".

ABŞ-da, İngiltərədə intihar halları daha çox artmışdır. ABŞ-da, demək olar ki, ştatlarda hər gün onlarla insan intihar edir. Orada insanların intihar səbəbləri daha çox ailə-məişət münaqişəsi zəminində yaranmış problemlər, işsizlik, sosial ehtiyac və psixi pozğunluqlardır. İsveçrə dünyanın "ən xoşbəxt olkəsi" kimi tanınsa da, intihar hallarına görə dünyada birinci yeri tutur. Səbəb isə orada havanın ilboyu rütubətli keçməsidir. Bu insanlarda uzunmüddətli depressiya yaratdığına görə, onlar intihar edirlər. İngiltərə də isə intiharın bütün səbəbləri çılpaq şəkildə özünü göstərir: işsizlik, ümidsizlik, ailə bağlarının zəifliyi, çarəsizlik, xəstəliklər və sairə. Bəzi intiharlar blef xarakteri daşıyır. Psixoloq Səbuhi Quliyevin fikirlərinə görə, dünyada intihar halları bundan sonra da artacaq. Xüsusilə də, dünya dərin iqtisadi böhranın hökm sürməsi intihar hallarının artmasına səbəb olacaq: "İntihar halları dəfələrlə artıb. Xüsusilə, Macarıstan, Litva və İngiltərə dünyada əsas yerləri tutur. Eyni zamanda, Çində intihar halları dəhşətli dərəcədə artaraq, fantastik həddə çatıb. İslam ölkələrində intihar azdır. Din və intiharlar arasında asılılıq da var. Əksər islam ölkələrində intiharların, sayı, demək olar ki, sıfıra bərabərdir. Əhalisi daha çox xristianlığa və ya induizmə tapınan ölkələrdə isə intihar və səviyyəsi yetərincə yüksəkdir. Xristian dövlətlərindən hər 100 min əhaliyə 11,2 intihar halı, Hindistanda isə uyğun olaraq 9,6 intihar halı düşür. Buddist ölkələrdə bu göstərici daha yüksəkdir - 100 min adama 17,6 intihar halı qeydə alınır. Maraqlıdır ki, Çin kimi ateist dövlətlərdə bu göstərici 25,6-ya bərabərdir. Xristian və buddistlər arasında özünü öldürən kişilərin sayı özünü öldürən qadınlardan 3,5 dəfə çoxdur, müsəlman və induistlərdə isə bu fərq 3 dəfə aşağıdır. Ancaq dini inanclar heç də mütləq meyar deyil. Katolik İrlandiyada intihar halı katolik İtaliyaya baxanda, üç dəfə çoxdur. Protestantların çox olduğu Böyük Britaniyada isə keçmiş müstəmləkəsi Avstraliyaya baxanda, iki dəfə yüksəkdir".

Ekspert: "Azərbaycan dünya ölkələrində intihar hallarının çoxluğuna görə hazırlanan siyahıların heç birində yer almayıb"

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı bəyanatda deyilirdi: "Hər il 800 min insan könüllü şəkildə özünü həyatdan məhrum edir. Son illərdə 15-25 yaş arasında olan gənclər arasında intihar halları artmışdır. Dünyada baş verən bütün intihar hallarının 75 faizi aşağı və orta gəlirli ölkələrdə qeydə alınıb. Avropa regionunda 10-24 yaşlı uşaqlar, yeniyetmələr və gənclər arasında bütün ölüm hallarının təxminən 17 faizi intihar hadisələrinin payına düşür. Bu bölgədə ən yüksək sayda intihar hadisələri Litvada müşahidə olunub. Belə ki, burada hər 100 min insandan 28 nəfəri öz həyatına könüllü şəkildə son qoyur. Dünyada intihar hadisələrinin ən çox qeydə alındığı ölkələr siyahısına Qazaxıstan və Türkmənistan da daxildir".

Psixoloq Səbuhi Quliyev son günlərdə Azərbaycanda baş verən intihar hallarının sosial problemlərlə əlaqəndirilməsinə münasibət bildirərkən qeyd edib ki, bu, doğru yanaşma deyil: "Azərbaycanda insanlarda depressiya, xəstəlik, ümidsizlik yaradan heç bir səbəb yoxdur. Sosial problemlərin həlli isə dövlət üçün prioritet məsələdir. Sadəcə, bu, bütün dünyada gedən prosesdir.

Sevindirici haldır ki, Azərbaycan dünya ölkələrində intihar hallarının çoxluğuna görə hazırlanan siyahıların heç birində yer almayıb".

Samir

Bütün xəbərlər Facebook səhifəmizdə