General Əsədullayev niyə işdən çıxarıldı?

Səbəb yaş həddimi, yoxsa…
General Əsədullayev niyə işdən çıxarıldı?

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Bu, məsələnin rəsmi tərəfidir. Polis generalı yaş həddi ilə əlaqədar təqaüdə göndərilir. Amma general Əsədullayev digər hadisələrlə yaddaşlarda qaldığını nəzərə alsaq...

Yadınızdadırsa 10 aprel 2015-ci ildə Şərif Əsədullayevin oğlu Tamerlan Bakının "Senator" restoranında böyük səs-küyə səbəb olan dava-dalaş salmışdı. Davada bir nəfər bıçaqlanaraq xəstəxanalıq olmuşdu. Hadisəni törədən (hadisənin video görüntüləri bütün saytlarda yerləşdirilmişdi – red.) Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Yasamal rayon Məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilmişdi. Generalın oğlu Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham olunurdu.

Generalın oğlu atasının asayiş keşikçisi olduğunu nəzərə almadan, yaxud atasının mövqeyindən sui-istifadə edərək restoranı bir-birinə vurmuşdu, bir ailənin övladının qanını tökmüşdü. Restorandakıların davranışlarında da görünürdü ki, onlar Tamerlanın kim olduğu, atasının polis orqanlarında yüksək vəzifə tutduğunu bilirlər. Ona görə də bu "qoçaq"la mülayim davranmağa çalışırlar. Məsələnin mətbuatda tirajlandığını görə general-ata isə az-az tətbiq olunan üsullardan birini seçdi. Oğlunu qandallayıb polisə şəxsən özü təhvil verməklə etirazların səngiyəcəyini düşündü. Cəmiyyətin reaksiyası isə fərqli oldu. Generalın bu addımının arxasında öz kreslosunu sığortalamaq cəhdinin olduğu açıq şəkildə göründü. Amma Əsədullayev ikiəlli yapışdığı kürsüsünü bir il səkkiz ay qoruya bildi.

Maraqlıdır ki, Tamerlan Əsədullayev adam bıçaqladığına görə, cəmi 3 il şərti cəza almışdı. Onu da bildirək ki, bu, general Əsədullayevin oğlunun adı qarışan ilk qalmaqal deyildi. 2014-cü ilin may ayında Bakıda Tamerlan Əsədullayev və dostları polisləri döydüyünə görə gündəmə gəlmişdi. Belə ki, Bakıda, "Qış parkı"nın yaxınlığında gecə saat 04 radələrində növbə çəkən post patrul polisləri sərxoş vəziyyətdə olan T.Əsədullayevin bir qadını döydüyünü görərək onu saxlamağa cəhd etmişdilər. Lakin generalın oğlu onlara tabe olmamış, polisləri söymüş və onları vuraraq hadisə yerindən uzaqlaşmışdı. Daha sonra yenidən geri qayıdan Tamerlan Əsədullayev polis əməkdaşlarını növbəti dəfə təhqir etmişdi.

Polislər isə hadisə yerinə Post Patrul Xidməti əməkdaşlarını çağırmaq məcburiyyətində qalmış və köməyə gələn polislərin yardımı ilə Tamerlan Əsədullayevi çətinliklə də olsa 27-ci polis bölməsinə aparmışdılar.

Bölməyə çatan kimi qardaşına zəng edən Tamerlan Əsədullayev ondan kömək istəmiş və bir neçə dəqiqə sonra idmançılarla birgə polis idarəsinə gələn qardaşı polis əməkdaşlarını təhqir etməyə, döyməyə başlamışdı.

Mətbuat yazmışdı ki, bu zaman döyülən polislərdən biri ağır xəsarət alıb. Hadisə ilə bağlı araşdırma başladılsa da iki gün sonra dayandırılıb.

Xatırladaq ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Tamerlan Əsədullayevin atasını iki gün öncə təqaüdə göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə