Beynəlxalq təşkilatlar qəti etirazını bildirməlidir

Beynəlxalq təşkilatlar qəti etirazını bildirməlidir

Mədəni irsin qorunması ilə məşğul olan bütün beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarında tarixi-mədəni irsə qarşı işğalçıların törətdiyi aqressiyaya qəti etirazını bildirməli və ölkəmizin mədəni irsinin uzun illər ərzində dağıdılması, tarix və mədəniyyətin falsifikasiyası və bu falsifikasiya nəticəsində abidələrin simasının itirilməsi prosesinə son qoyulmalıdır.

SİA-nın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Memarlar İttifaqının "Qarabağ ərazisindəki memarlıq abidələrinin vəziyyəti" mövzusuna həsr olunmuş Plenumun Qətnaməsində deyilir. Sənəddə bildirilir ki, Azərbaycanın işğal edilmiş torpaqlarında qeyri-qanuni aparılan bərpa işləri dayandırılmalı, işğal olunmuş ərazilərdə yerli – Azərbaycan mütəxəssislərinin iştirakı olmadan memarlıq abidələrində hər hansı bir işin yerinə yetirilməsini qadağan edən Beynəlxalq konvensiyaya əməl olunması tələb edilməlidir.

Mədəni irsin qorunmasına cavabdeh olan bütün beynəlxalq təşkilatlara, o cümlədən - YUNECKO, İCOMOS, İCCROM, Beynəlxalq Memarlıq Akademiyasına Ermənistanın Azərbaycanın memarlıq irsinə qarşı yönəlmiş yolverilməz vandalizm və siyasi aqressiya faktlarını ittiham etmək tələbi ilə müraciət edilməlidir.

Bölgənin əsil tarixi barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq məqsədilə Qarabağın tarixi irsinin tədqiqinə həsr edilmiş elmi fəaliyyət və Azərbaycan alimlərinin bu problemlə bağlı elmi əsərlərinin nəşri fəallaşdırılmalıdır.

Qarabağın tarix və memarlığının, o cümlədən xristian memarlıq abidələrinin tədqiq edilməsinə və qorunmasına dəstək olmaq üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycanın Milli Elmlər Akademiyasına müraciət edilməlidir. Ərazilər işğaldan azad olunduqdan sonra memarlıq abidələrinin inventarlaşması, qorunmuş abidələrdə falsifikasiyaların, yenidənqurmaların, eyni zamanda dağıntıların, vandalizm aktlarının qeydə alınması və dəyərləndirilməsi məqsədilə elmi-tədqiqat işləri aparılmalıdır.

Qətnamədə bildirilib ki, ərazilər işğaldan azad olunduqdan sonra falsifikasiya nəticəsində edilmiş sonrakı əlavələrin təcili təmizlənməsi və bərpa işlərinin həyata keçirilməsi məqsədilə XX əsrdə Azərbaycan tədqiqatçıları tərəfindən yerinə yetirilmiş bütün arxiv məlumatları, ölçmə və fiksasiya materialları, eyni zamanda dərc edilmiş bütün elmi materialların baza şəklində toplanması həyata keçirilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə