“Görkəmli dövlət və elm xadimi Əziz Əliyev” adlı elektron resurs təqdim edilib SƏS TV
Bu gün Prezident Kitabxanasında görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illiyi münasibətilə hazırlanan elektron resursun təqdimat mərasimi olub. SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Oxu zalında təşkil edilən "Əziz Əliyev-120" sərgisi ilə tanış olublar. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, hər bir xalqın tarixində iz qoyan elə şəxsiyyətlər vardır ki, onlar keçdikləri həyat yolu ilə hər zaman xatırlanır və nəsillərə örnək olurlar. Azərbaycanın dövlətçilik və elm tarixində özünəməxsus yeri olan Əziz Məmmədkərim oğlu Əliyev belə şəxsiyyətlərdəndir. Onun sözlərinə görə, uşaqlıq və gənclik illəri məşəqqətli olan, erməni vandalizminin və təcavüzünün ağrı-acılarını öz taleyində yaşayan Ə. Əliyev sonrakı illərdə parlaq zəkası və qabiliyyəti ilə işlədiyi sahələrdə böyük nüfuz qazanıb, tapşırılan bütün işlərin öhdəsindən bacarıqla gələrək, tez bir zamanda dövlət orqanlarında yüksək vəzifələrə layiq görülüb. İxtisasca həkim olan Ə. Əliyev, eyni zamanda tibb elminə və səhiyyə sahəsinə də sanballı töhfələr verib. Nümunəvi ailə başçısı kimi də Ə. Əliyev həmişə örnək olub. Kitabxana direktoru qeyd edib ki, respublika rəhbərliyinin olimpinə yüksəlişinin qarşısını almaq üçün o, repressiyaya məruz qoyulsa da, tutduğu yüksək vəzifədən uzaqlaşdırılsa da, sonradan bəraət alıb, yenidən tibb sahəsində yeni-yeni uğurlara imza atıb. Harada işləməsindən, hansı sahəyə rəhbərlik etməsindən asılı olmayaraq Ə. Əliyev öz ölkəsinə, xalqına və sənətinə sədaqət nümunəsi göstərib.
M. Əhmədov qeyd edib ki, Prezident Kitabxanasında Azərbaycanın ictimai-siyasi və dövlətçilik tarixində xüsusi yeri olan şəxsiyyətlərin həyat və fəaliyyətlərinə aid materiallar toplanılır, sistemləşdirilir və oxucuların istifadəsinə təqdim edilir. Kitabxananın "Odlar yurdu Azərbaycan" elektron nəşrinin "Görkəmli azərbaycanlılar" bölməsində 200-dən artıq şəxsiyyət haqqında zəruri informasiya yerləşdirilib. Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, ölkənin birinci xanımı Mehriban Əliyevanın həyat və fəaliyyətlərini işıqlandıran xüsusi elektron resurslar hazırlanıb. Görkəmli dövlət, ictimai və elm xadimi Ə. Əliyevin anadan olmasının 120 illik yubileyi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamına əsasən müxtəlif tədbirlər həyata keçirilir. Bu gün təqdim edilən "Görkəmli dövlət və elm xadimi Əziz Əliyev (1897-1962)" elektron resursu Ə. Əliyevin həyat və fəaliyyətini, onun zəngin irsini öyrənənlərə Prezident Kitabxanasının töhfəsidir.
Elektron resursun strukturu haqqında məlumat verən Kitabxananın direktoru bildirib ki, resursda materiallar 9 bölmədə qruplaşdırılıb. Azərbaycan və rus dillərində hazırlanan elektron nəşrin "Bioqrafiya" bölməsində Əziz Əliyev və onun ailə üzvləri barəsində qısa məlumat verilib. "Xronologiya" adlanan bölmədə isə ilk dəfə olaraq Ə. Əliyevin həm dövlət xadimi, həm də bir alim kimi istər Azərbaycanda, istərsə də Dağıstandakı həyat və fəaliyyətinin mühüm məqamları geniş şəkildə işıqlandırılıb. Bu bölmədə, həmçinin Ə. Əliyevin dövlət səviyyəsində keçirilən yubiley tədbirləri haqqında məlumatlar əks etdirilib. "Əsərləri" adlanan bölmədə isə onun tibb sahəsində qələmə aldığı əsərlərin mətnləri ilk dəfə olaraq elektron formatda (pdf) təqdim olunur. Elektron nəşrin "Sənədlər" bölməsində Ə. Əliyevin yubileylərinin keçirilməsi ilə bağlı sərəncamların və dövlət səviyyəsində keçirilən tədbirlərdə edilən nitqlərin və məruzələrin mətnləri öz əksini tapıb.
"Digər resurslar" bölməsində Əziz Əliyevlə bağlı Dağıstan Respublikasının Rəsul Həmzətov adına Milli Kitabxanasından və Rəsul Həmzətov adına Xasavyurt Mərkəzi Şəhər Kitabxanasından Prezident Kitabxanasına göndərilən materiallar istifadəçilərin ixtiyarına verilib.
"E-Kitablar" bölməsində isə Ə. Əliyevin həyat və fəaliyyətindən bəhs edən ayrı-ayrı müəlliflərin tədqiqat əsərlərini, konfrans materiallarını əhatə edən kitabların elektron versiyaları hazırlanaraq saytda yerləşdirilib. "E-Məqalələr" bölməsində Ə. Əliyevin həyat və fəaliyyətindən bəhs edən, onun yubileyləri münasibətilə keçirilən tədbirləri işıqlandıran məqalələrin elektron versiyaları toplanılıb. Elektron resursun "Biblioqrafiya" bölməsində Prezident Kitabxanasına daxil olan dövri mətbuat səhifələrində dərc edilən məqalələrin və kitabların biblioqrafik təsviri verilib. Bu bölmədə həmçinin onun həyat və fəaliyyətinə həsr edilmiş dissertasiyaların avtoreferatların mətni ilə tanış olmaq mümkündür. Elektron resursun ən maraqlı və əyani bölmələrindən olan "Multimedia" bölməsində Ə. Əliyevin gənclik illərindən başlamış ömrünün son illərinədək fotoaparatın yaddaşına köçürülən və hazırda Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivində saxlanılan şəkillərindən ibarət "Fotoqalereya" təqdim edilir. Bu bölmədə həmçinin AMEA Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan Əziz Əliyevə məxsus sənədlərin fotosurətlərini əks etdirən kolleksiya nümayiş etdirilir. Tədbir iştirakçılarına "Multimedia" bölməsində yerləşdirilən materiallardan fraqmentlər nümayiş etdirilib. Kitabxananın direktoru bildirib ki, http://azizaliyev.preslib.az/ domenində yerləşdirilən "Görkəmli dövlət və elm xadimi Əziz Əliyev (1897-1962)" elektron resursu yeni materiallar əldə edildikcə daha da zənginləşdiriləcək.
Çıxış edən digər natiqlər də Ə.Əliyevin zəngin olan həyat və fəaliyyətindən geniş bəhs ediblər. Görkəmli elm və dövlət xadiminin nəvəsi Tamfira Əliyeva babasının keçdiyi ömür yolundan, fəaliyyətindən söz açıb, tədbir iştirakçılarına minnətdarlığını bildirib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB