Türkiyə səfirliyinin 25-ci ildönümü ilə əlaqədar rəsmi qəbul keçirilib FOTOLAR

Türkiyə səfirliyinin 25-ci ildönümü ilə əlaqədar rəsmi qəbul keçirilib FOTOLAR

Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizdə fəaliyyətinin 25-ci ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib. SİA xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, deputatlar və ziyalılar iştirak ediblər.

Səfir Erkan Özoral çıxışında ölkələrimiz arasında dostluq münasibətlərinin tarixindən danışıb və bildirib ki, Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini elan etdi: "Həmin il noyabrın 9-da Türkiyə bu müstəqilliyi tanıyan və diplomatik əlaqə quran ilk ölkə oldu. Ancaq 25 il bir xalqın həyatında çox az zamandır. Azərbaycan müstəqilliyini qazanmamışdan əvvəl Türkiyədə "dəmir pərdə" arxasında qardaşlarının olduğunu bilirdilər. Onların yaşadığı yer əslində Dədə Qorqudun hekayələrində olan Qafqaz dağlarının arxasındakı Azərbaycan idi. Bir gün qardaşlarımız ilə qucaqlaşacağımızı, onlarla görüşəcəyimizi xəyal edərdik. O zaman Türkiyədə demək olar hər ailənin evində Bakı radiosu dinlənilirdi. 1980-ci ilin sonuna yaxın Sovet İttifaqında baş verən hadisələr Qərb ölkərində çox yaxından izlənilirdi. Lakin Türkiyədə başqa cür izlənilirdi. Çünki bilirdik ki, qardaşlarımız arasında olan "dəmir pərdə" sona qədər bağlı qalmayacaq. Nəhayət, zamanla Bakıya gediş-gəliş başladı. İlk olaraq Bakıda Türkiyənin Baş Konsulluğunu açdıq. Halbuki illər öncə bunun olacağı heç ağla belə gəlməzdi. Biz də bu illərdə bir-birimizə qovuşmağım sevincini və həyəcanını ən gözəl hisslərlə yaşadıq".

E.Özoral vurğulayıb ki, Türkiyə üçün ən əsas məqsəd Azərbaycanın kimsədən asılı olmadan daha da inkişaf etmək, öz varlığı ilə təkbaşına ayaqda durmasına kömək etməkdir: "Bu, qardaşlığımızın ən güclü şəkildə davam etməsi üçün vacibdir. Çünki biz bilirik ki, Azərbaycan Türkiyə ilə, Türkiyə də Azərbaycanla güclüdür. İki qardaş ölkə olaraq bir-birimizə qovuşmuşuq və bunun pozulması üçün kimsəyə fürsət verməyəcəyik. Biz ətlə dırnaq kimiyik. Qardaşlığımız sona qədər davam edəcək, gün keçdikcə daha da güclənəcək".

Milli Məclisin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Əhliman Əmiraslanov çıxışında Ulu öndərin "Azərbaycanla Türkiyə iki dövlət bir millətdir" dediyimi xatırladıb: "Ölkələrimiz arasındakı əlaqələrin genişlənməsində və möhkəmlənməsində Heydər Əliyevin xidmətləri əvəzedilməzdir. Əminliklə deyə bilərəm ki, iki ölkə arasındakı güclü əlaqələr bu gün də yüksək səviyyədə davam edir. Heç kim bu qardaşlıq əlaqələrinə xələl gətirə bilməz".

Xatırladaq ki, Türkiyənin Azərbaycandakı səfirliyi 1992-ci il yanvarın 14-dən fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə