Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi bəyanat yayıb

Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi bəyanat yayıb

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi bəyanat yayıb. SİA-nın verdiyi məlumata görə, bəyanatda 20 Yanvar Azərbaycan xalqının şan və şərəf günü kimi qiymətləndirilir.

"Həmin gün küçələrdə axan şəhid qanı milli şüurun oyanan günəşinin qırmızı şəfəqinin rəmzidir. Həmin gün xalqımız ona təcavüz edən dəhşətli kabusa, Sovet ordusunun qorxunc hücumuna qarşı sinə gərməyi, öz kimliyini və mətanətini qorumağı bacardı" – bəyanatda belə deyilir.

Təşkilat üzvləri 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının istiqlalı yolunda ilk şəhidlik zirvəsi adlandırır: "O gün 137 nəfər öldürülüb, 700 nəfər yaralanıb və 800-dən çox insan həbs olunub. Azərbaycan türklərinin müstəqillik mübarizəsinin qarşısını vəhşicəsinə qırğınlarla almağa çalışan Sovet rejimini şiddətlə qınayır, bir daha belə bir insanlı cinayətinin yaşanmamasını arzulayırıq" – deyə Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi bəyanatında qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə