Azəri Gənclər Alyansı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Gənc Bələdçi" layihəsini uğurla başa çatdırıb. SİA-nın verdiyi məlumata görə, layihə çərçivəsində sonuncu tədbir Sumqayit şəhərində baş tutub.
Sumqayıtda həyata keçirilən təlimlərdə 30 nəfər fəal gəncə bələdçilik bilikləri aşılanıb. AR-nın Mədəniyyət və Turizm nazirliyinin bələdçi hazırlığı üzrə milli koordinatoru Sakina Əsgərovanın rəhbərliyi ilə həyata keçirilən təlimlər Sumqayıt gənclərinin böyük marağına səbəb olub və onlar nəzəri, eyni zamanda praktiki biliklərə yiyələniblər. "Gənc Bələdçi" təlimlərinin keçirilməsində məqsəd gənclərə turizm bələdçiliyi sahəsində nəzəri və praktik biliklərin artırılması, həm yerli, həm də xarici turistlərlə kommunikasiyanın düzgün qurulması və ölkəmizin multikural dəyərlərinin xarici turistlərə düzgün çatdırılmasıdır. 4 gün davam edən təlimlərdə layihə rəhbəri, Azəri Gənclər Alyansının sədri Leyla Məmmədli gənclərimizi turizm sahəsində fəal olmağa çağırıb, eləcə də milli-mədəni irsimizin xarici qonaqlarımıza düzgün çatdırılması ilə bağlı tövsiyyələrini verib. Təlimlərin sonuncu günü gənclərlə geniş fikir mübadiləsi aparılıb və 30 nəfər fəal gəncə təlimləri uğurla başa vurduqlarına görə müvafiq sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Azəri Gənclər Alyansının Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Gənc Bələdçi" layihəsi 3 ay ərzində davam edib və layihə müddətində Bakı və Sumqayıt şəhərlərində bütövlükdə 70 nəfər gəncə bələdçiliklə bağlı nəzəri-praktik biliklər öyrədilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB