Sosioloq: “İnsanların yaşlı nəslə münasibəti mənəviyyatla bağlıdır” AÇIQLAMA

Sosioloq: “İnsanların yaşlı nəslə münasibəti mənəviyyatla bağlıdır” AÇIQLAMA

Cəmiyyətdə bəzi gənclərin yaşlı nəslə münasibətinin düzgün olmadığı, bəzilərinin isə hətta valideynlərinə baxmaq, onlara qulluq etməkdən boyun qaçırması halları ilə rastlaşırıq. Belə mənəviyyatdan kənar halın baş verməsinin səbəblərini araşdırmaq üçün AMEA-nın Fəlsəfə və Hüquq İnstitunun əməkdaşı, sosioloq, professor Əhməd Qəşəmoğlu ilə əlaqə saxladıq.

Sosioloq SİA-ya açıqlamasında insanlarda hər hansı bir davranışın formalaşmasına əsasən aşağıdakı amillərin daha ciddi təsir etdiyini bildirdi: "Davranışa birinci növbədə mühit, insanın malik olduğu təbii imkanlar, ikinci növbədə insanların aldığı informasiyaların xarakteri, maariflənmə dərəcəsi, üçüncü növbədə isə insanın üstünlük verdiyi dəyərlər ciddi təsir edir. Diqqətlə fikir versək, indi hər üç sahədə çox ciddi dəyişikliklər baş verməkdədir. Qlobollaşma prosesi hər bir istiqamətə təsir edir. Mühitimiz daha çox maddi cəhətdən yarışma meydanına çevrilib. Bu da insanlarda ciddi gərginlik, etinasızlıq yaradır. İnformasiya məkanımızda da bu istiqamətdə çatışmazlıqlar var. Mənəvi dəyərlərin aşılanması sahəsinə diqqəti artırmaq lazımdır. İnsanlarda maddi dəyərlər mənəvi dəyərləri sıxışdırmağa başlayıb".

O qeyd edib ki, Azərbaycanda mənəvi dəyərlərə hər zaman önəm verilib: "İnsanların yaşlı nəslə münasibəti mənəviyyatla bağlıdır. Sovet İttifaqı dağılandan sonra bu sahədə yaranan boşluqların həlli istiqamətində ölkəmizdə mühüm işlər həyata keçirilir. Cənab Prezidentimiz öz çıxışlarında hər zaman sosial, mənəvi məsələləri ön plana çəkir. Dövlət başçımızın tapşırıqlarını həyata keçirmək üçün çox ciddi işlər görülür. Televiziya kanallarının öhdəsinə də müəyyən vəzifələr düşür. Bu sahədə, elmi təminat mexanizmlərinin yaradılmasına ehtiyac var. Sözügedən istiqamətdə alimlərin də öhdəsinə məsuliyyət düşür".

Bütün xəbərlər Facebook səhifəmizdə