Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) birgə həyata keçirdiyi "Məktəblinin Dostu" layihəsi fəaliyyətini davam etdirir. Layihə çərçivəsində Bakı şəhərindəki 30 məktəbdə "Nə? Harada? Nə zaman?" intellektual oyunları təşkil olunur. Oyunların keçirilməsində məqsəd şagirdlərin intellektual inkişafını artırmaqdır.
SİA-nın məlumatına görə, layihənin davamı olaraq bu gün Bakı şəhəri Suraxanı rayonu 317 saylı tam orta məktəbdə "Nə? Harada? Nə zaman?" intellektual oyunu təşkil olunub. Yarışda 7-9 cu sinif şagirdləri iştirak edib.
Öncə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra məktəbin direktoru Əliqismət Səfərov yarış iştirakçılarını salamlayıb. O, komandalara uğurlar arzulayıb.
Hər biri 6 nəfərdən ibarət olmaqla 12 komanda 24 suala düzgün cavab vermək uğrunda yarışıblar. Oyunda 1-ci yeri 13 düzgün cavabla "Xəmsə", 2-ci yeri 12 düzgün cavabla "Qarabağ", 3-cü yeri isə hər biri 11 düzgün cavabla "Sarı gəlin" və "Koroğlu" komandaları bölüşüblər. İlk üç yerin sahiblərinə sertifikatlar təqdim olunub. Qalib komanda final oyununda 30 məktəbin qalib komandaları ilə çempion adı qazanmaq üçün yarışacaq.
Qeyd edək ki, 317 nömrəli məktəbdə mütəmadi olaraq şagirdlərin asudə vaxtlarını maraqlı və səmərəli keçirmək üçün "Məktəblinin Dostlar"ı tərəfindən müxtəlif motivasiya xarakterli oyun və yarışların təşkil olunması nəzərdə tutulur.
Nəzərinizə çatdıraq ki, "Məktəblinin Dostu" layihəsinin gələcəkdə əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Hər məktəbdə şagird sayına uyğun olaraq, minimum 3 nəfər olmaqla Məktəblinin Dostu fəaliyyət göstərir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaq və digər bu kimi vəzifələri yerinə yetirməkdən ibarətdir. "Məktəblinin Dostu" seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB