20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir TƏDBİR - FOTOLAR

20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir TƏDBİR - FOTOLAR

Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda 20 Yanvar faciəsinin XXVII ildönümünə həsr olunmuş "20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir" mövzusunda konfrans və Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsinin yekun mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Ahmed Tecim, Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, millət vəkili Qənirə Paşayeva, 20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə, şəhid ailələri, gənclər və yazı müsabiqəsində qalib gələn məktəblilər iştirak ediblər.

Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

BŞGİBİ-nin rəisi R.Abbasov çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycanın qəhrəmanlıq səlnaməsi olduğunu qeyd edib. O, həmin gün xalqımızın böyük qəhrəmanlıq göstərdiyini, Vətənimizin müstəqilliyi uğurunda birlik nümayiş etdirdiyini vurğulayıb.

Tədbirdə bildirilib ki, 20 Yanvar hadisələri xalqımızın hüzn günü olmaqla yanaşı, müstəqillik tariximizin qürur günü kimi qeyd olunur. Qeyd olunub ki, həmin gün silahsız Azərbaycan xalqı Rusiya imperiyasının gözüdönmüş ordusunun qarşısına çıxıb. Qəhrəman insanlarımız tankların və silahlı hərbçilərin qarşısını kəsərək, mütəqillik uğrunda canlarını fəda ediblər. Vurğulanıb ki, 20 Yanvar faciəsi heç zaman xalqımızın yaddaşından silinməyəcək və şəhidlərimiz həmişə qəlbimizdə yaşayacaq.

Sonra inşa yazı müsabiqəsinin qalibləri təltif olunub.

Qeyd edək ki, tədbirin əsas məqsədi 20 Yanvar faciəsinin XXVII ildönümünün yad edilməsi, böyüməkdə olan gənc nəslin nümayəndələrində doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun və Azərbaycan tarixinin təbliğ olunması, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə